AZ

Səudiyyə Ərəbistanı Yəmənin yenidən qurulmasına çoxşaxəli yanaşma ilə dəstək göstərir

Səudiyyə Ərəbistanının Yəmənin inkişafı və yenidən qurulması proqramı (SDRPY) çərçivəsində bu ölkənin hökumətinə dəstəyi çoxşaxəli yanaşma əsasında həyata keçirilir.

"Far.Az" xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının layihə-inkişaf proqramlarının rəhbəri Həsən Alattas Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Münaqişə Zonalarında İnkişaf Proqramlarının Hazırlanması" sessiyasında deyib.

Onun sözlərinə görə, dəstək çərçivəsində hökumət əməkhaqlarının ödənilməsi, Mərkəzi Bankın gücləndirilməsi, eləcə də Planlaşdırma və Beynəlxalq Əməkdaşlıq Nazirliyi (MOPIC), Maliyyə Nazirliyi və Baş nazirin ofisi kimi mühüm dövlət qurumlarının potensialının artırılması istiqamətində işlər görülür: "Layihələrin əsas istiqamətlərindən biri neft məhsulları ilə bağlıdır. Bu təşəbbüs çərçivəsində Səudiyyə Ərəbistanı Yəmənə neft məhsulları üzrə 5 milyard ABŞ dollarından çox dəstək göstərib. Ölkə əhalisi 40 milyondan çoxdur və illik əhali artımı 3 %-dən bir qədər yüksəkdir. Elektrik enerjisinə çıxış səviyyəsi ölkə üzrə 83 %, kənd yerlərində 75 %, şəhərlərdə isə 96 % təşkil edir. Adambaşına orta elektrik istehlakı isə 90 kilovat-saatdır. Neft məhsulları üzrə dəstək bir neçə mərhələdə icra olunub. Birinci mərhələdə 180 milyon dollar, ikinci mərhələdə 422 milyon dollar, üçüncü mərhələdə 170 milyon dollar ayrılıb. Hazırda davam edən dördüncü mərhələnin həcmi isə təxminən 80 milyon dollar təşkil edir".

O bildirib ki, bu qrant hesabına Yəməndə 80-dən çox elektrik stansiyası üçün sabit yanacaq təchizatı təmin edilib: "Bu dəstək hökumətin maliyyə yükünü azaldıb və səhiyyə, təhsil kimi digər sahələrə fokuslanmasına imkan yaradıb. Layihə çərçivəsində enerji sektorunun fəaliyyəti gücləndirilib, Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətinin nəzarət etdiyi 13 quberniyada elektrik enerjisi istehsalının davamlılığı qorunub. Neft məhsulları üzrə dəstək məktəblər, dövlət idarələri, sosial obyektlər və küçələrin fəaliyyətinin davam etdirilməsində mühüm rol oynayıb. Bütün proses Yəmən hökuməti ilə sıx koordinasiya şəraitində, ciddi nəzarət və təhlükəsizlik mexanizmləri əsasında həyata keçirilib".

Seçilən
45
far.az

1Mənbələr