AZ

Ben-Qvirin qalmaqallı videosu: Bir neçə ölkə İsrail səfirlərini XİN-ə çağırıb...

Qəzzaya gedən “Sumud” flotiliyasının fəallarının alçaldıldığı görüntülər beynəlxalq reaksiyaya səbəb olub...

Poliqon xəbər verir ki, bir sıra ölkələr İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin paylaşdığı qalmaqallı videodan sonra İsrail səfirlərini Xarici İşlər nazirliklərinə çağırıblar.

Məlumata görə, sərt reaksiyaya səbəb olan görüntülər mayın 19-da Ben-Qvir tərəfindən yayımlanıb. Videoda Qəzzaya doğru hərəkət edən “Sumud” flotiliyasının saxlanılmış fəallarının Aşdod limanında diz çökdürülmüş vəziyyətdə olduğu görünür.

Kadrlarda fəalların əllərinin arxadan bağlandığı, başlarının yerə əyildiyi əks olunub. Ben-Qvir isə onların arasında İsrail bayrağı ilə gəzir və ivrit dilində “İsrailə xoş gəlmisiniz, burada sahib bizik” ifadələrini səsləndirir.

Digər videoda İsrail himninin səsləndiyi, “Fələstinə azadlıq” şüarı səsləndirən saxlanılmış fəallardan birinin isə mühafizəçilər tərəfindən yerə yıxıldığı görünür.

Məlumata əsasən, Ben-Qvir Baş nazir Benyamin Netanyahuya müraciət edərək fəalların deportasiya olunmamasını, əvəzində həbs edilməsini istəyib.

İsrailin xarici işlər naziri Gideon Saar isə X sosial şəbəkəsində Ben-Qviri açıq şəkildə tənqid edib. O yazıb ki, nazir “bu rüsvayçı şou ilə dövlətə şüurlu şəkildə zərər vurub” və “ordu əsgərlərindən tutmuş Xarici İşlər Nazirliyinin əməkdaşlarınadək bir çox insanın peşəkar səylərini heçə endirib”.

Baş nazir Benyamin Netanyahu isə ingilisdilli açıqlamasında bildirib ki, İsrailin “HƏMAS tərəfdarlarının təxribatçı flotiliyalarını” dayandırmaq hüququ var. Bununla belə, o vurğulayıb ki, fəallarla davranış “İsrailin dəyərlərinə və normalarına uyğun deyil”.

Netanyahu saxlanılan şəxslərin mümkün qədər tez deportasiya olunmasını tapşırdığını da açıqlayıb.

ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi isə paylaşımında “Sumud” flotiliyasını “axmaq bir tamaşa” adlandırsa da, Ben-Qvirin hərəkətlərini sərt tənqid edib.

“Ben-Qvir öz xalqının ləyaqətinə xəyanət edib”, deyə amerikalı diplomat bildirib.

Poliqon.info

Seçilən
9
poliqon.info

1Mənbələr