AZ

Azərbaycanın Qarabağı təməldən dirçəltməsi dünya üçün yeni nümunədir

Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ölkəmizin beynəlxalq nüfuzunun və qlobal çağırışların həllində artan rolunun növbəti mühüm təsdiqidir.

COP29-dan sonra dünyanın ən böyük beynəlxalq platformalarından birinə ev sahibliyi Azərbaycanın artan qüdrətinin və ölkəmizə göstərilən beynəlxalq etimadın bariz nümunəsidir. Belə qlobal platformaların məhz Azərbaycanda keçirilməsi ölkəmizin təhlükəsiz, sabit, innovativ və əməkdaşlığa açıq tərəfdaş kimi qəbul olunduğunu bir daha nümayiş etdirir.

Əsas mövzusu “Dünyanın məskunlaşdırılması: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” olan WUF13 müasir dövrün ən aktual çağırışlarını əhatə edir. Azərbaycan isə bu istiqamətdə yalnız konseptual deyil, praktik və real təcrübə ortaya qoyan ölkələrdən biridir.

İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən sistemli və sürətli quruculuq prosesi isə dünya üçün də yeni inkişaf modeli formalaşdırır. İnsan əsaslı şəhərsalma, ağıllı texnologiyalarla idarə olunan yaşayış məkanları, “yaşıl enerji” yanaşması, dayanıqlı inkişaf prinsipləri, təhlükəsiz və sağlam insan məskənlərinin qurulması bu modelin əsas elementlərini təşkil edir.

Müasir nəqliyyat infrastrukturu, keyfiyyətli səhiyyə xidmətləri, müasir təhsil mühiti, hərtərəfli mədəni inkişaf ekosistemi, sürətlə genişlənən məşğulluq imkanları və əlverişli investisiya iqlimi bərpa olunan Qarabağın əsas inkişaf göstəriciləridir. Bu baxımdan, postmünaqişə dövründə həyatın bərpası və davamlı məskunlaşmanın təmin olunması istiqamətində Azərbaycanın əldə etdiyi nəticələr beynəlxalq miqyasda xüsusi maraq doğurur.

Qarabağ artıq yalnız yenidən qurulan region deyil, həm də gələcəyin dayanıqlı şəhərsalma və insan məskunlaşması modelinin formalaşdığı unikal məkandır. Milli, regional və beynəlxalq tədbirlərə ev sahibliyi edən yeni yaşayış məkanlarının yaranması, turizm potensialının inkişafı və müasir urbanizasiya yanaşmalarının tətbiqi sözügedən modelin mühüm komponentləridir. Qarabağ Universiteti də bu böyük missiyanın ayrılmaz tərkib hissəsidir.

Universitetimiz elm, təhsil və innovasiya ekosisteminin inkişafı vasitəsilə işğaldan azad olunmuş ərazilərin davamlı tərəqqisinə töhfə verməyi əsas prioritetlərindən hesab edir. Bu gün Qarabağ Universitetində 50-yə yaxın ixtisas üzrə müasir məzmunlu ali təhsilli kadr hazırlığı həyata keçirilir.

İnanırıq ki, burada hazırlanan gələcəyin müəllimləri, həkimləri, hüquqşünasları, iqtisadçıları, mühəndisləri, incəsənət və turizm mütəxəssisləri və digər peşə sahibləri Qarabağın dayanıqlı inkişafında, təhlükəsiz və cəlbedici yaşayış məkanına çevrilməsində mühüm rol oynayacaqlar. Təbii ki, universitetimizin fəaliyyət istiqamətləri yalnız kadr hazırlığı və tədris prosesi ilə məhdudlaşmır.

Qarabağ Universiteti dayanıqlı inkişaf üçün elmi əsasların yaradılmasına xidmət edən tədqiqatların aparılmasını, müvafiq innovativ həllərin hazırlanmasını, “yaşıl inkişaf”, rəqəmsal transformasiya və süni intellekt fokuslu innovasiya mərkəzinə çevrilməyi hədəfləyir. Güclü dövlət dəstəyi, yüksək ixtisaslı akademik heyətin qlobal vizyonu, yenilikçi tələbə gənclərin enerjisi, çevik universitet-sənaye əməkdaşlığı və yerli icma ilə fəal ünsiyyət qeyd olunan hədəflərə çatmaq üçün mühüm baza formalaşdırır.

Prezident İlham Əliyevin birbaşa diqqət və qayğısı nəticəsində hazırda Qarabağ Universitetinin müasir kampusu sürətlə formalaşır. Akademik, inzibati və tədqiqat infrastrukturu Qarabağda həyata keçirilən şəhərsalma strategiyasının ilkin və uğurlu nəticələrindən biri kimi meydana çıxır və artıq Xankəndi şəhərinin ümumi memarlıq simasında özünəməxsus yer tutur. İnşaat mühəndisliyi ixtisası üzrə həyata keçirilən kadr hazırlığı isə yaxın perspektivdə müasir mühəndis kadrların quruculuq prosesinə əhəmiyyətli töhfə verməsinə zəmin yaradır.

Bununla yanaşı, universitetimizin incəsənət profilli ixtisaslarında təhsil alan tələbələr və onların müəllimləri son iki ildə Qarabağda mədəni ekosistemin inkişafına mühüm töhfələr verirlər. Müntəzəm keçirilən konsert proqramları və mədəni tədbirləri bölgəyə qayıdan sakinlər böyük rəğbətlə qarşılayırlar. Xüsusilə, Xarıbülbül beynəlxalq musiqi festivalı Qarabağda mədəni həyatın yenidən canlanmasının simvolik göstəricilərindəndir. Qarabağ Universiteti klinikası, Tibb və sağlamlıq elmləri fakültəsinin fəaliyyətə başlaması tibbi kadr hazırlığına, müasir tədqiqatların aparılmasına, həm də keyfiyyətli səhiyyə xidmətlərinin göstərilməsinə imkan yaradır.

Sağlam həyat mühiti və yüksək insan rifahı dayanıqlı məskunlaşmanın əsas şərtlərindən biri kimi fəaliyyətimizin mərkəzində dayanır. Qısa müddət ərzində 2200-ə yaxın tələbənin və 400-dən artıq peşəkar mütəxəssisin Xankəndi şəhərinə gəlməsi Qarabağ Universitetinin regionda həyatın bərpası prosesində oynadığı rolu nümayiş etdirir. Bu baxımdan, Qarabağ Universiteti dövlət başçısının müəllifi olduğu Qarabağın dirçəlişi strategiyasının, işğaldan azad olunmuş torpaqlarda həyatın bərpası və davamlı məskunlaşmanın təmin olunması siyasətinin mühüm tərkib hissələrindən biri kimi qiymətləndirilə bilər.

Qürurvericidir ki, Qarabağ Universiteti WUF13 çərçivəsində təşkil olunan "Urban Expo" sərgisində öz paviliyonu ilə iştirak edir. Bunu Qarabağ Universitetinin beynəlxalq arenada tanıtımı baxımından böyük imkan və əlverişli fürsət hesab edirik. Qeyd olunanlar WUF13-ü Azərbaycanın dayanıqlı şəhərsalma və insan əsaslı məskunlaşma, eləcə də postmünaqişə məkanlarının bərpası və inkişafı sahəsindəki unikal təcrübəsinin beynəlxalq ictimaiyyətlə paylaşılması üçün mühüm platforma kimi dəyərləndirməyimizə əsas verir. İnanırıq ki, Bakının ev sahibliyi etdiyi forum ölkəmizin qlobal şəhərsalma gündəliyində rolunu daha da gücləndirəcək.

Şahin BAYRAMOV,
Qarabağ Universitetinin rektoru

Seçilən
4
2
xalqqazeti.az

3Mənbələr