Bakı, 21 may, AZƏRTAC
Müasir dövrdə dünyanın bütün ölkələrində şəhərlərin üzləşdiyi əsas problemlərdən biri sürətli urbanizasiyadır. Bu proses nəticəsində şəhərlər hər zaman hər kəs üçün uyğun və əlçatan olmur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Azərbaycanın ADA Universitetinin tələbəsi Rəqd Yasser deyib.
Onun sözlərinə görə, şəhərlərin planlaşdırılmasında insanların ehtiyacları – məktəblər, xəstəxanalar və digər əsas infrastruktur daha diqqətlə nəzərə alınmalıdır. Bu ehtiyaclar təmin olunmadıqda insanlar şəhərətrafı ərazilərdən mərkəzə köçməyə məcbur qalırlar.
O həmçinin qeyd edib ki, şəhərətrafı ərazilərdə də məqsədyönlü şəhərsalma planlarının həyata keçirilməsi vacibdir. Belə planlar çərçivəsində məktəblər, xəstəxanalar və digər zəruri sosial infrastrukturun yaradılması insanların yaşayış keyfiyyətini yüksəldə bilər.