AZ

Azərbaycan kanak xalqının səsini dünyaya çatdırır-Paris demokratiya maskasını cırır  


Yeni Kaledoniyada son illərdə baş verən hadisələr Fransanın müstəmləkə siyasətinin mahiyyətinin dəyişmədiyini bir daha nümayiş etdirir. Rəsmi Paris demokratiya, insan hüquqları və öz müqəddəratını təyinetmə prinsiplərindən danışsa da, kanak xalqının azadlıq tələblərinə münasibətdə sərt siyasi təzyiq, demoqrafik manipulyasiya və repressiv idarəetmə üsullarına üstünlük verir.

Xüsusilə 2024-cü ilin may hadisələri göstərdi ki, Fransa Yeni Kaledoniyada seçki balansını dəyişdirməklə yerli əhalinin siyasi iradəsini zəiflətməyə və müstəqillik perspektivini aradan qaldırmağa çalışır. Bu isə bölgədə dərin siyasi və sosial böhranın yaranmasına səbəb olub.
Kanakların milli-azadlıq hərəkatının fəal nümayəndələrindən biri, USTKE-nin beynəlxalq koordinatoru Rok Xaokas “Bakinskiy raboçiy” qəzetinə müsahibəsində bildirib ki, Yeni Kaledoniya məsələsi Fransanın daxili işi deyil, beynəlxalq hüququn və BMT-nin nəzarətində olan dekolonizasiya prosesidir. Onun sözlərinə görə, Paris artıq qərəzsiz vasitəçi statusunu itirərək bölgədə öz geosiyasi maraqlarını qoruyan tərəfə çevrilib. Xaokas hesab edir ki, kanak xalqının öz müqəddəratını təyinetmə hüququ siyasi alver predmeti ola bilməz və Fransa bu hüququ müxtəlif siyasi mexanizmlərlə məhdudlaşdırmağa çalışır.

Müsahibədə diqqət çəkilən əsas məqamlardan biri də beynəlxalq ictimaiyyətin və xüsusilə BMT-nin prosesdə daha fəal iştirakının vacibliyidir. Kanak tərəfi hesab edir ki, yalnız real beynəlxalq nəzarət Fransanın bölgədə həyata keçirdiyi təzyiq və təsir siyasətinin qarşısını qismən ala bilər. Eyni zamanda, Bakı Təşəbbüs Qrupunun fəaliyyəti və Azərbaycanın müstəmləkəçilik əleyhinə beynəlxalq platformalarda sərgilədiyi mövqe kanak xalqı tərəfindən mühüm siyasi və mənəvi dəstək kimi qiymətləndirilir. Bakı artıq özünü müstəmləkəçilikdən əziyyət çəkən xalqların səsini dünyaya çatdıran əsas beynəlxalq platformalardan biri kimi təsdiqləyir.

Bəhruz

Milli Məclisin üzvü Bəhruz Məhərrəmov Musavat.com-a söylədi ki, müasir dövrdə dünyada neokolonializm meylləri təhlil olunarkən bir daha aydın görünməkdədir ki, hazırkı beynəlxalq münasibətlər sistemində insan hüquqları, demokratiya və azadlıq prinsiplərini özünün xarici siyasətinin "vizit kartı" kimi təqdim edən Fransa reallıqda bəşəriyyət tarixinin ən rəzil idarəetmə formasını-müstəmləkəçiliyi modernləşdirilmiş alətlərlə davam etdirməklə qlobal təhdid kimi çıxış edir: “Rəsmi Parisin Yeni Kaledoniyada yürütdüyü xətt sıradan bir inzibati idarəçilik yox, klassik kolonializmin makiyaj olunmuş, neokolonialist interpretasiyasıdır. Bu mənada Kanak fəalı və USTKE-nin beynəlxalq koordinatoru Rok Haokasın "Bakinski raboçi" qəzetinə müsahibəsində yer alan bəyanatlar, əslində, Parisin dekolonizasiya prosesində heç vaxt obyektiv hakim olmadığını, əksinə, cinayətin birbaşa tərəfi olduğunu ifşa edir.

Artıq sirr deyil ki, Fransanın Yeni Kaledoniyadakı fəaliyyətinin kökündə aborigen xalqın, yəni kanakların siyasi iradəsini və səs çoxluğunu sındırmaq məqsədi dayanır. Xüsusilə 2024-cü ilin may hadisələri bu riyakar antibəşəri siyasətin kuliminasiyası sayıla bilər.
Görünən odur ki, Paris artıq gizlətmədən regiona fransız miqrantların axınını stimullaşdırmaq və seçici korpusunu genişləndirməklə yerli xalqı öz doğma torpaqlarında azlığa çevirməyi hədəfləyir ki, bu da beynəlxalq öhdəliklərə, cümlədən 1998-ci ildə imzalanmış Numeya sazişinin fəlsəfəsinə tamamilə ziddir. O cümlədən də 2021-ci ildə, pandemiyanın tüğyan etdiyi şəraitdə, kanakların boykot qərarına rəğmən naməlum situasiyada keçirilən referendumun legitimliyi sıfıra bərabər olduğu şəraitdə Parisin bu saxtakarlığı "bitmiş məsələ" kimi sırımaq cəhdi onun beynəlxalq hüquqa olan hörmətsizliyinin göstəricisidir.

Lakin məsələ bununla bitmir və Fransa rəsmi Numeyanı yalnız siyasi deyil, həm də ağır sosial-iqtisadi asılılıq buxovlarında saxlamağa çalışır. May hadisələrindən sonra bölgədə infrastrukturun qəsdən bərpa edilməməsi, minlərlə insanın işsiz və çörəksiz qalması heç şübhəsiz ki, Makron administrasiyasının süni şəkildə yaratdığı böhrandır və Parisin vəd etdiyi milyardlarla avroluq humanitar-iqtisadi yardımlar yalnız şərtləndirilmiş kapital xarakteri daşıyır. Bu, yardım deyil, kanakların müstəqillik ambisiyalarını satın almaq və qarşıdan gələn regional seçkilərdə loyalist-Fransayönümlü qüvvələrin mövqeyini möhkəmləndirmək üçün istifadə olunan korrupsiya alətidir.

Bununla bərabər, kanak liderlərinin həbs olunaraq minlərlə kilometr uzağa-Fransanın metropoliya həbsxanalarına daşınması, müstəqillik tərəfdarlarının siyasi təqbi Parisin fundamental insan haqları bəyannamələrinin üzərindən xətt çəkdiyini nümayiş etdirir”.
Deputatın sözlərinə görə, Fransanın ən büyük manipulyasiyalarından digəri isə Yeni Kaledoniya məsələsini özünün daxili işi kimi qələmə vermək cəhdidir: “Lakin bu, hüquqi nöqteyi-nəzərdən tamamilə əsassızdır. İlk növbədə ona görə ki, Yeni Kaledoniya BMT-nin dekolonizasiya olunmalı ərazilər siyahısındadır. Lakin Paris BMT Nizamnaməsi və müvafiq qətnamələri, bir sözlə universal hüquq normalarını deyil, özünün imperiya iddialarını rəhbər tutur və Təhlükəsizlik Şurasının daimi üzvü olmasına baxmayaraq BMT qarşısındakı öhdəliklərindən riyakarcasına qaçır.

Fransanın bu hegemon fəaliyyəti fonunda beynəlxalq ictimaiyyətin faktiki susqunluğu isə təəssüf doğursa da, Azərbaycan Respublikasının və xüsusilə Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Bakı Təşəbbüs Qrupunun ortaya qoyduğu prinsipial mövqe qlobal miqyasda tarixi ədalətin bərpasına xidmət etməklə neokolonializmlə mübarizədə bəşəriyyət adına ümidə çevrilib.

Cənab İlham Əliyevin liderliyində Müstəmləkəçiliyə Qarşı Qlobal Müqavimətin Paytaxtına çevrilmiş Azərbaycan beynəlxalq hüququn və ədalətin yanında dayanaraq, Parisin susdurmağa, səslərini boğmağa çalışdığı xalqların harayını dünyaya çatdıran əsas qlobal platformaya çevrilib. Bakıda keçirilən beynəlxalq konfranslar, BMT tribunasından səsləndirilən bəyanatlar kanak xalqına sadəcə mənəvi dəstək deyil, həm də güclü siyasi-diplomatik qalxandır. Rok Haokasın da xüsusi qeyd etdiyi kimi, Bakı bu gün müstəmləkəçilik əleyhinə qlobal həmrəyliyin mərkəzidir. Azərbaycan özünün multikultural və ədalətli xarici siyasət kursu ilə sübut edir və ümid yaradır ki, dünyada güclünün hüququ deyil, hüququn gücü fundamental meyar olmalıdır. Bu istiqamətdə Paris nə qədər repressiv üsullara əl atsa da, tarixin çarxını geriyə fırlatmaq mümkün deyil və xüsusən Bakının lokomotiv olduğu yeni situasiyada neoimperializm və neokolonializm süquta məhkumdur”.

Cavanşir ABBASLI
Musavat.com

Seçilən
3
musavat.com

1Mənbələr