Zəngilanın Baş Planı iqlimə uyğun şəkildə hazırlanır.
APA xəbər verir ki, bunu İsveçrənin beynəlxalq şəhərsalma və ərazi planlaşdırılması agentliyi olan "sa_partners" şirkətinin təsisçi tərəfdaşı Dunja Kovari-Binggeli Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “BBB Publication (TBC)” adlı dialoq sessiyasında çıxışı zamanı deyib.
Qeyd edilib ki, Zəngilanın Baş Planının əsas ideyası ondan ibarətdir ki, artıq üç onillik ərzində formalaşaraq böyümüş ağaclar şəhərin təbii strukturunun əsas hissəsinə çevrilsin və tikilmiş mühit təbiətin içinə inteqrasiya olunsun: "Bu səbəbdən Zəngilanda mövcud ağac örtüyünün böyük hissəsi qoruma altına alınıb. Şəhər planlamasının əsas prinsiplərindən biri “soyuq hava dəhlizləri” üzərində qurulub. Bu yanaşma həm ekoloji tarazlığın qorunmasına, həm də şəhər mühitinin iqlim baxımından daha dayanıqlı olmasına xidmət edir".
O vurğulayıb ki, bu irs üzərində qurularaq və kontekstual şəhər regenerasiyası yanaşması tətbiq edilməklə işlər davam etdirilir: "Qarabağ və Şərqi Zəngəzur bölgəsinin böyük hissəsi dağlıq ərazidə yerləşdiyindən, bu amil planlaşdırmada əsas determinantlardan birinə çevrilib".