AZ

Kiçik ada dövlətlərində şəhərləşmə iqlim risklərini daha da artırır –BMT nümayəndəsi

Kiçik ada dövlətlərində şəhərləşmə iqlim risklərini daha da artırır.

APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Kiçik Ada İnkişaf Etməkdə Olan Dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və davamlı turizm” mövzusunda xüsusi sessiyada BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Asiya və Sakit Okean üzrə regional direktoru Kazuko İşiqaki deyib.

O bildirib ki, dəniz səviyyəsinin yüksəlməsi, sahil eroziyası, iqlimlə bağlı təbii fəlakətlərin artması, kiçik iqtisadiyyatlar, məhdud əlaqəlilik və torpaq çatışmazlığı kiçik ada dövlətlərinin üzləşdiyi əsas problemlərdir.

Kazuko İşiqaki qeyd edib ki, bu çağırışlar sürətlənən şəhərləşmə fonunda daha da kəskinləşir: “Bu proses mənzilə, əsas xidmətlərə, dayanıqlı infrastruktura və inklüziv planlaşdırmaya tələbatı artırır”.

Onun sözlərinə görə, torpaq və dövlət resursları uğrunda rəqabətin güclənməsi, eləcə də vəsaitlərin tez-tez fəlakətlərin nəticələrinin aradan qaldırılmasına yönəldilməsi uzunmüddətli iqlimə uyğunlaşma və dayanıqlı inkişaf həllərinə ehtiyacı artırır.

UN-Habitat rəsmisi vurğulayıb ki, şəhərlər yalnız risk mənbəyi deyil, həm də innovasiya, güclü mədəni kimlik və icma liderliyi mərkəzləridir. O qeyd edib ki, okeanlarla əhatə olunan ada dövlətləri mavi iqtisadiyyatın inkişafı və davamlı turizm üçün böyük potensiala malikdir.

Kazuko İşiqaki əlavə edib ki, mənzil siyasəti, torpaq idarəçiliyi, iqlimə uyğunlaşma, mavi iqtisadiyyat və davamlı turizm siyasətləri bir-biri ilə daha sıx əlaqələndirilməlidir. Onun sözlərinə görə, bu məqsədə yalnız hökumətlər, yerli icmalar, regional təşkilatlar, inkişaf tərəfdaşları, akademik dairələr və özəl sektorun birgə əməkdaşlığı ilə nail olmaq mümkündür.

AzPost.az

Seçilən
49
1
azpost.info

2Mənbələr