AZ

Böyük Britaniya Körfəz ölkələri ilə ticarət sazişi imzalayıb

Dörd illik danışıqlardan sonra Böyük Britaniya Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına daxil olan dövlətlərlə azad ticarət sazişi imzalayıb. Gözlənilir ki, saziş Britaniya iqtisadiyyatına hər il 3,7 milyard funt sterlinq gəlir gətirəcək. Bu, Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurası ilə “Böyük Yeddilik” (G7) ölkələrindən biri arasında bağlanan ilk sazişdir.

Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurası Böyük Britaniyanın onuncu ən böyük ticarət tərəfdaşıdır. Hazırda tərəflər arasında illik ticarət dövriyyəsi 53 milyard funt sterlinqə çatır. İmzalanmış sazişin bu məbləği 20% artıracağı gözlənilir.

Saziş Britaniyanın Körfəz ölkələrinə ixrac etdiyi məhsullara tətbiq olunan tariflərin 93%-nin ləğvini nəzərdə tutur. Razılaşmaya əsasən, Britaniya ərzaq məhsulları, tibbi avadanlıqlar və yüksək texnologiyalı maşınqayırma məhsullarının ixracına tətbiq edilən gömrük rüsumları tamamilə aradan qaldırılır. Böyük Britaniyanın hesablamalarına görə, bu addım ölkəyə ildə 580 milyon funt sterlinqədək qənaət etməyə imkan verəcək.

Ölkələr həmçinin sərhədlərarası məlumat mübadiləsinin sərbəst həyata keçirilməsi barədə razılığa gəliblər. Sənəddə qeyd olunur ki, bu, Britaniya şirkətlərinə Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurası regionunda bahalı məlumat emalı mərkəzləri tikməməyə imkan verəcək. Britaniya iqtisadiyyatının xidmət sektoru da Körfəz ölkələrinin bazarlarına təminatlı çıxış əldə edəcək.

Saziş həmçinin biznesin tənzimlənməsi qaydalarını, sadələşdirilmiş viza prosedurlarını və işgüzar səfərlər üçün uzunmüddətli qalma imkanlarını əhatə edir. Bundan əlavə, sənəddə investisiyaların və intellektual mülkiyyətin qorunması, həmçinin investorlarla dövlətlər arasında mübahisələrin həlli mexanizmlərinin genişləndirilməsi nəzərdə tutulur.

Seçilən
33
banker.az

1Mənbələr