AZ

Azərbaycan Orta Dəhlizdə əsas tranzit gücünə malik ölkəyə çevrilir Ekspert RƏYİ

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Qarabağdakı mütləq qalibiyyətdən sonra Azərbaycan regiondakı proseslərin iştirakçısı yox, artıq idarəçisinə çevrilib. Təkcə geosiyasi mövzularda yox, həm də regional tranzit mərkəz kimi mövqeyini daha da gücləndirir. Ölkənin geostrateji mövqeyi və nəqliyyat infrastrukturuna yatırılan investisiyalar Azərbaycanın beynəlxalq yükdaşımalarında rolunu artırır.

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycanın regional tranzit mərkəzinə çevrilməsinin çox ciddi geostrateji üstünlükləri var:

"Ölkə həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Bu isə Azərbaycanın Avropa ilə Asiya arasında təbii logistika körpüsü rolunu daha da gücləndirir. Son illər dəmir yolu infrastrukturu, limanlar və logistika mərkəzlərinə qoyulan investisiyalar ölkənin tranzit potensialını əhəmiyyətli dərəcədə artırıb. Xüsusilə Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın regional daşımalar sistemində rolunu daha da möhkəmləndirib. Yeni dəmir yolu layihələri  Azərbaycan iqtisadiyyatına həm birbaşa, həm də dolayı təsirlər göstərir. İlk növbədə tranzit gəlirləri artır, logistika və yükdaşımalar sahəsində yeni iş yerləri yaranır. Eyni zamanda regionların iqtisadi fəallığı genişlənir, daxili yükdaşımalar sürətlənir. Dəmir yolu layihələri ölkənin qeyri-neft sektorunun inkişafına da ciddi töhfə verir. Hazırda strateji marşrut kimi Orta Dəhliz xüsusi önəm daşıyır. Bu marşrut Çinlə Avropanı Azərbaycan üzərindən birləşdirən alternativ beynəlxalq yükdaşıma xətti hesab olunur. Geosiyasi dəyişikliklər fonunda son illər Orta Dəhlizə maraq daha da artıb. Çünki bu marşrut həm vaxt baxımından daha sürətli, həm də təhlükəsizlik və sabitlik baxımından daha əlverişli hesab edilir".

Nəqliyyat eksperti Aqil Nəbiyevin fikrincə, Azərbaycanın regional tranzit mərkəzinə çevrilməsi üçün çox ciddi strateji üstünlükləri var və son illərdə həyata keçirilən nəqliyyat layihələri bu potensialı daha da gücləndirib. Ən əsas üstünlük ölkənin coğrafi mövqeyidir. Bu mövqe ölkəyə həm yük daşımalarında, həm logistika xidmətlərində, həm də beynəlxalq ticarət axınlarında xüsusi rol qazandırır:

"Xüsusilə Xəzər dənizinə çıxışın olması Azərbaycanı regionda alternativ tranzit platformasına çevirir. Bakı limanı, müasir magistral yollar, beynəlxalq hava limanları və yeni dəmir yolu bağlantıları birlikdə vahid logistika sistemi formalaşdırır. Bundan əlavə, ölkədə siyasi sabitlik, təhlükəsizlik və dövlət səviyyəsində nəqliyyat sektoruna verilən prioritet də beynəlxalq şirkətlərin Azərbaycana marağını artırır. Bir çox ölkələr üçün təhlükəsiz və stabil tranzit marşrutu ən vacib məsələlərdən biridir və Azərbaycan bu baxımdan regionda etibarlı tərəfdaş kimi qəbul olunur. Yeni dəmir yolu layihələri isə ölkə iqtisadiyyatına çoxşaxəli təsir göstərə bilər. İlk növbədə tranzit gəlirləri artır. Yəni müxtəlif ölkələrdən keçən yüklər Azərbaycan ərazisindən daşındıqca dövlət həm daşınma xidmətlərindən, həm logistika əməliyyatlarından, həm liman və terminal xidmətlərindən gəlir əldə edir. Digər tərəfdən yeni dəmir yolları daxili iqtisadi aktivliyi də artırır. Regionlarda sənaye zonalarının, anbar komplekslərinin və logistika mərkəzlərinin yaranması yeni iş yerləri açır. Bu layihələr həm də ixrac imkanlarını genişləndirir. Çünki yerli məhsullar daha sürətli və daha ucuz şəkildə xarici bazarlara çıxarıla bilir. Dəmir yolu daşımaları avtomobil nəqliyyatı ilə müqayisədə daha sərfəli və böyük həcmli yük daşınmasına imkan verdiyi üçün biznes mühiti üçün də böyük üstünlük yaradır".

Fatimə Dadaşova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
51
avtosfer.az

1Mənbələr