Bakı, 21 may, AZƏRTAC
Qlobal mənzil öhdəlikləri yalnız yerli siyasətə və praktik icraya çevrildikdə real nəticə verir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Kuala-Lumpurun sabiq meri, UN-Habitat-ın sabiq icraçı direktoru Maimunah Mohd Sharif WUF13 çərçivəsində Azərbaycan Pavilyonunda keçirilən “Multitərəfli əməkdaşlıq vasitəsilə mənzil siyasətinin inkişafı: qlobal öhdəliklərdən yerli təsirə” mövzulu sessiyada deyib.
Maimunah Mohd Sharif qeyd edib ki, siyasətlərin uğuru onların konkret büdcə, icra mexanizmi və investisiya imkanları ilə dəstəklənməsindən asılıdır. Malayziya Dayanıqlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyini əvvəlcə ölkənin beşillik inkişaf planına, daha sonra ştat və yerli idarəetmə siyasətlərinə inteqrasiya edib. Mənzil siyasəti investorlar və maliyyə institutları üçün əlverişli mühit formalaşdırmalı, beləliklə əlçatan mənzil layihələrinin həyata keçirilməsi üçün daha çox investisiya cəlb edilməlidir.
Maimunah Mohd Sharif əlavə edib ki, Bakıda keçirilən WUF13 forumunda aparılan müzakirələr növbəti mərhələdə WUF14-ə aparan proses üçün də baza formalaşdırır və qlobal öhdəliklərin yerli nəticələrə çevrilməsi istiqamətində praktiki yanaşmaların gücləndirilməsinə töhfə verəcək.