BAKI, 21 may. TELEQRAF
2025–2030-cu illər üzrə dövlət proqramına daxil olan multimodal nəqliyyat qovşaqları yerləşdikləri ərazilərdə inkişafı dəstəkləyəcək.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Strateji Planlaşdırma Şöbəsinin rəhbəri Hüseyn Abdullayev WUF13 çərçivəsində keçirilən “Yeni inkişaf üçün tranzit yönümlü planlaşdırma” adlı tədbirdə çıxışında deyib.
O bildirib ki, bütün bu nəqliyyat qovşaqları tranzit yönümlü inkişaf (Transit-Oriented Development – TOD) konsepsiyasını, eyni zamanda gələcək polisentrik inkişafı təmin edəcək:
“Bu, sadəcə dəmir yolu və ya metro stansiyalarının ətrafındakı ərazilər demək deyil. Bu, həm də müxtəlif nəqliyyat növlərinin bir nöqtədə inteqrasiyası deməkdir.
Buraya həmçinin feeder bus (qidalandırıcı avtobus) şəbəkəsi də daxil olacaq ki, bu da geniş, aşağı sıxlıqlı əraziləri dəmir yolu, metro və ya potensial LTR (yüngül relsli nəqliyyat)stansiyalarına birləşdirəcək. Bundan əlavə, mümkün olan yerlərdə metro ilə dəmir yolu, metro ilə tramvay, tramvay ilə dəmir yolu inteqrasiya olunacaq.
Bütün bu şəbəkə gələcək inkişafı lazım olan ərazilərdə stimullaşdırmaq, onu dayanıqlı etmək və Bakını Baş Planında nəzərdə tutulmuş gələcəyə aparmaq üçün qurulacaq”.