AZ

Yaxın aylarda "İstisu Müalicə-Sağlamlıq və İstirahət Kompleksi"nin inşası yekunlaşacaq

BAKI, 21 may. TELEQRAF

Yaxın aylarda rayonda nəhəng rekreasiya layihəsinin açılışı olacaq.

Teleqraf xəbər verir ki, bunu Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Urban Expo”nun Azərbaycan pavilyonunda “Urbisiddən Münaqişə Sonrası Yenidənqurmaya Gedən Yol” adlı tədbirdə deyib.

Xüsusi nümayəndə özəl investisiyaların cəlb olunma strategiyasını açıqlayıb:

​“Yaxın aylarda 34 hektar sahəni əhatə edən müasir "İstisu Müalicə-Sağlamlıq və İstirahət Kompleksi"nin inşası yekunlaşacaq. Kompleksdə 145 otaqlı otel binası, kotteclər, restoranlar, konfrans zalları, qapalı və açıq hovuzlar fəaliyyət göstərəcək və eyni anda 400 qonağı qəbul edə biləcək. Şəhərsalma planlarımızın əsas məqsədi qeyri-yaşayış sahələrini inkişaf etdirməklə yeni iş yerləri yaratmaqdır. İlkin mərhələdə özəl investisiyalar hesabına Kəlbəcərdə yeni otel binaları, çoxmənzilli yaşayış və kommersiya kompleksləri ucaldılacaq”.

​Çıxışında Kəlbəcərə qayıdışın mənəvi tərəflərinə toxunan Bəşir Hacıyev bu prosesi xalqın böyük zəfəri kimi dəyərləndirib:

​“Kəlbəcərdə və Şərqi Zəngəzurda həyata keçirilən bərpa işləri təkcə fiziki deyil, həm də mənəvi qələbəmizin təzahürüdür. Onilliklər boyu yurd həsrəti çəkən soydaşlarımızın öz dədə-baba torpaqlarına qayıtması onların milli kimliyini, mədəniyyətini və tarixi yaddaşını yenidən bərpa edir. Biz bu gün doğma yurduna qovuşan həmvətənlərimizlə birlikdə yeni bir həyatın başlanğıcına şahidlik edirik”.

Seçilən
39
teleqraf.com

1Mənbələr