AZ

Azərbaycanda modernləşmə tarixi irsi kölgədə qoymur Deputatdan AÇIQLAMA

Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Azərbaycanın müasir dövlətçilik tarixində təkcə beynəlxalq tədbir miqyası ilə seçilən hadisə kimi yox, həm də ölkənin siyasi iradəsini, inkişaf intizamını və qlobal nüfuzunu nümayiş etdirən mühüm platforma kimi dəyərləndirilməlidir. 182 ölkədən 45 mindən artıq iştirakçının Bakıya toplaşması göstərdi ki, Azərbaycan artıq regional gündəmin iştirakçısı statusunu aşaraq beynəlxalq müzakirələrin istiqamətini müəyyənləşdirən nüfuz mərkəzlərindən birinə çevrilib".

Bu fikirləri Redaktor.az-a açıqlamasında deputat Rövşən Muradov səsləndirdi.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin WUF13-ün açılış mərasimindəki çıxışında şəhərsalma mövzusu dar texniki çərçivədə təqdim olunmur:

"Burada şəhər sözü insan həyatının keyfiyyətini, tarixi yaddaşın davamlılığını, iqtisadi dinamikanı və milli kimliyin estetik ifadəsini birləşdirən strateji məkan kimi mənalandırılır. Bakı İçərişəhərin qədim divarlarından XIX əsr memarlığına, dənizkənarı bulvardan Ağ Şəhər və müasir "Sea Breeze" layihəsinə qədər müxtəlif dövrlərin harmoniyasını özündə daşıyır. Bu harmoniya Azərbaycan dövlətinin inkişaf fəlsəfəsini simvolizə edir, hətta modernləşmə tarixi irsi kölgədə qoymur, əksinə, onu gələcək quruculuğunun mənəvi dayağına çevirir. Prezidentin vurğuladığı kimi Şamaxı, Naxçıvan, Gəncə, Şəki, Qəbələ, Lahıc və Şuşa nümunələri sübut edir ki, Azərbaycan memarlıq irsini yalnız qorunan abidələr toplusu kimi saxlamır, həmçinin onu milli özünüdərkin, mədəni suverenliyin və dövlət davamlılığının canlı mənbəyi kimi inkişaf etdirir. Xüsusilə Şuşanın bərpası azad edilmiş ərazilərdə aparılan quruculuq prosesinin mənəvi zirvəsidir. Qarabağ və Şərqi Zəngəzurda inşa olunan yollar, tunellər, körpülər, hava limanları, məktəblər, xəstəxanalar və sənaye zonaları Böyük Qayıdışın yalnız humanitar missiya olmadığını, onun yeni iqtisadi coğrafiya formalaşdıran kompleks dövlət proqramına çevrildiyini göstərir. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması Azərbaycan dövlətinin tarixi ədaləti bərpa edən ən mühüm strateji missiyalarından biridir".

Deputat vurğuladı ki, 30 il ərzində işğal altında dağıdılmış bu ərazilər, xüsusilə “Qafqazın Xirosiması” adlandırılan Ağdam, təkcə fiziki viranəliyin yox, həm də mədəni yaddaşa qarşı yönəlmiş sistemli vandalizmin simvoluna çevrilib:

"İlham Əliyevin rəhbərliyi ilə aparılan bərpa prosesi isə həmin torpaqlara həyatın, təhlükəsizliyin və gələcəyin qaytarılması deməkdir. Burada qurulan yollar, məktəblər, xəstəxanalar və yaşayış məntəqələri göstərir ki, Azərbaycan azad etdiyi əraziləri yalnız bərpa etmir, onları müasir, dayanıqlı və ləyaqətli həyat məkanına çevirir. İqtisadi müstəvidə prezidentin müəyyən etdiyi kurs dayanıqlı artımı infrastruktur, enerji təhlükəsizliyi, logistika, məşğulluq və insan kapitalı üzərində qurur. Azad olunmuş torpaqlarda aparılan bərpa işləri dövlətin sosial məsuliyyətini iqtisadi səmərəliliklə birləşdirir. Burada hər bir yol kommunikasiya vasitəsi olmaqla yanaşı, suverenliyin möhkəmlənməsi, məskunlaşmanın sürətlənməsi və regional inteqrasiyanın dərinləşməsi üçün strateji arteriyaya çevrilir".

NURİYYƏ 

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
65
1
redaktor.az

2Mənbələr