AZ

Azərbaycan və Qırğızıstan parlamentlərinin sədrləri ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər  

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Qırğız Respublikası Joqorku Keneşinin sədri Marlen Mamataliyev ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Spiker Sahibə Qafarova Marlen Mamataliyevi bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə ölkələrimiz arasında çoxəsrlik tarixi köklərə malik dostluq və qardaşlıq əlaqələrinin müasir dövrdə də qarşılıqlı surətdə faydalı tərəfdaşlıq və dostluq ruhunda uğurlu inkişafından məmnunluq ifadə olunub. Tərəflər Azərbaycan və Qırğızıstan dövlət başçılarının qarşılıqlı səfərlərinin, yüksək səviyyədə görüşlərin dinamikasının və səmərəliliyinin ikitərəfli münasibətlərin möhkəmlənməsində və dərinləşməsində mühüm rolunu qeyd ediblər.

Söhbət zamanı Azərbaycan və Qırğızıstan arasında yüksəksəviyyəli əlaqələrin parlament müstəvisində də davam etdirildiyi vurğulanaraq qeyd olunub ki, ölkələrimiz arasında münasibətlərin inkişafında qanunverici orqanların da özünəməxsus rolu var. Parlamentlərimiz həm ikitərəfli, həm də çoxtərəfli formatda sıx əməkdaşlıq edirlər. O cümlədən beynəlxalq parlament təşkilatlarında, həmçinin MDB-nin Parlamentlərarası Assambleyasında, Türk Dövlətlərinin Parlament Assambleyasında, İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqında, Asiya Parlament Assambleyasında və digər qurumlarda fəal əməkdaşlıq mövcuddur.

Görüşdə parlament sədrləri və deputatlar səviyyəsində qarşılıqlı səfərlərin və təmasların qanunverici orqanlarımız arasında əməkdaşlığın daha da dərinləşməsinə töhfə verdiyi qeyd olunub.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Seçilən
1
1
azerbaijan-news.az

2Mənbələr