Mayın 21-də Fələstin tərəfinin təşəbbüsü ilə Rusiya xarici işlər naziri Sergey Lavrov Fələstin Dövlətinin vitse-prezidenti və Fələstin Azadlıq Təşkilatının (FAT) İcraiyyə Komitəsinin sədr müavini Hüseyn Şeyx ilə telefon danışığı aparıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bəyanatda deyilir ki, telefon danışığında Fələstin-İsrail münaqişə zonasındakı vəziyyət müzakirə edilib, Qəzza zolağında davamlı atəşkəsin təmin edilməsinin və anklavın demək olar ki, tamamilə dağıdılmış mülki infrastrukturunun bərpası üçün işlərin tez bir zamanda başlanması, eləcə də Qərb Sahilindəki vəziyyətin normallaşdırılmasının vacibliyi vurğulanıb.
"Moskvanın İsrail ilə sülh və təhlükəsizlik şəraitində birgə yaşayan müstəqil Fələstin Dövlətinin yaradılmasını nəzərdə tutan tanınmış beynəlxalq hüquqi əsasda Fələstin probleminin hərtərəfli həllinə alternativin olmaması ilə bağlı dəyişməz mövqeyi təsdiqlənib",- Rusiya XİN-in açıqlamasında deyilir.
Elvin
Ölkə.az