AZ

Bild: Putin Ukrayna müharibəsində üç istiqamətdə uduzur...

Nəşr Kreml üçün problemə çevrilən “tükəndirmə müharibəsi”ni təhlil edib...

Poliqon xəbər verir ki, Almaniyanın Bild nəşri Rusiya-Ukrayna müharibəsində mövcud vəziyyəti təhlil edərək Kremlin eyni anda bir neçə istiqamətdə ciddi problemlərlə üzləşdiyini yazıb. Nəşrin qiymətləndirməsinə görə, uzunmüddətli “tükəndirmə müharibəsi” Rusiyanın resurslarına və daxili vəziyyətinə artan təzyiq yaradır.

Məqalədə ilk olaraq Rusiya ordusunun itkilərinə diqqət çəkilib. Qərb analitiklərinin hesablamalarına əsasən, Rusiya hər ay təxminən 35 min hərbçisini ölü və yaralı olaraq itirir. Müharibənin başlanmasından bəri ümumi itkilərin yaralılar da daxil olmaqla 1,5 milyon nəfərə qədər çatdığı iddia olunur.

Nəşr cəbhədəki vəziyyətin də Moskva üçün əvvəlki dövrlərlə müqayisədə daha mürəkkəb olduğunu qeyd edib. Bildirilir ki, Rusiya ordusu 2023-cü ilin oktyabrından bəri ilk dəfə müəyyən ərazilərə nəzarəti itirməyə başlayıb. Məlumata görə, 2026-cı ilin əvvəlindən Rusiya qüvvələri təxminən 220 kvadrat kilometr ərazi ələ keçirə bilsə də, Ukrayna ordusu son aylarda 189 kvadrat kilometr ərazini geri qaytarıb. Ekspertlər isə cəbhədə vəziyyətin dəyişkən olaraq qaldığını vurğulayırlar.

Təhlildə üçüncü əsas problem kimi Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi pilotsuz uçuş aparatları zərbələri göstərilib. Ukrayna dronlarının neft emalı zavodlarını, hərbi infrastrukturu və logistika obyektlərini daha tez-tez hədəfə aldığı qeyd olunur. Analitiklərin fikrincə, bu hücumlar Rusiya cəmiyyətində psixoloji təzyiqi artırır və müharibə artıq bir çox rusiyalı üçün birbaşa hiss olunan reallığa çevrilir.

Bununla yanaşı, təhlükəsizlik üzrə ekspert Christian Mölling müharibədə dönüş nöqtəsinin artıq baş verdiyini söyləməyin tez olduğunu bildirib. Onun sözlərinə görə, müharibə hələ də tərəflərin resurslarını tədricən zəiflədən uzunmüddətli qarşıdurma xarakteri daşıyır və dəyişikliklər mərhələli şəkildə baş verir.

Poliqon.info

Seçilən
91
poliqon.info

1Mənbələr