AZ

Azərbaycanın 100 il əvvəlki hərbi planı indi ortaya çıxdı – tanklar və sualtı qayıqlar

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin İtaliyadan sualtı qayıqlar, tanklar və müxtəlif hərbi texnikalar almağı planlaşdırdığı məlum olub.

Musavat.com xəbər verir ki, Milli Kimlik səhifəsinin paylaşdığı məlumata görə, 17 yanvar 1920-ci ildə İtaliyada işgüzar səfərdə olan general İbrahim ağa Usubova bu ölkənin Azərbaycanı de-fakto tanıdığı bildirilib. Bu isə iki dövlət arasında daha sıx münasibətlərin qurulmasına şərait yaradıb.

Romada general italiyalı sənayeçi və senator S.E. Konti ilə görüşüb. Görüşün əsas məqsədi Azərbaycan ordusu üçün silah və hərbi geyimlərin alınması olub.

1920-ci ilin fevralında Kontinin rəhbərliyi ilə 35 nəfərlik İtaliya nümayəndə heyəti Azərbaycana gəlib. Aparılan danışıqlardan sonra tərəflər arasında müqavilə imzalanıb.

Razılaşmaya əsasən, Azərbaycan İtaliyadan 34 artilleriya qurğusu, 12 hidroplan, 4 təyyarə, 5 tank, 20 zirehli maşın və əsgərlər üçün hərbi geyim dəstləri almağı planlaşdırırdı. Maraqlı məqamlardan biri isə siyahıda 6 sualtı qayığın da yer alması olub.

Məlumata görə, Azərbaycan bu məhsulların əvəzində İtaliyaya neft verməli idi. Müqavilədə hər ton neftin qiyməti 35 dollar olaraq müəyyənləşdirilmişdi və ödənişlərin həmin vəsait hesabına həyata keçirilməsi nəzərdə tutulurdu.

Mənbədə qeyd olunur ki, həmin dövrdə bu qiymət kifayət qədər yüksək hesab edilirdi.

 

Musavat.com

Seçilən
167
3
musavat.com

4Mənbələr