Ali Məhkəmədə qardaşı arvadını və onun oğlunu qətlə yetirməkdə təqsirləndirilən keçmiş məhkum Ziya Əliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Qeyd: Hadisə 2025-ci ilin mart ayında baş verib. İttihama görə, 1981-ci il təvəllüdlü Ziya Əliyev aralarında yaranmış mübahisə zamanı bıçaqla qardaşı arvadı Rahilə Əliyevi və onun oğlu Bəhruz Əliyevi qətlə yetirib.
O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürmə), 228.4-cü (qanunsuz olaraq soyuq silah gəzdirmə) maddələri ilə ittiham edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Əliyev ömürlük azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Kamal Məmmədov