AZ

Bakıda WUF13-ün sonuncu günü keçirilir

Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) sonuncu günü işə başlayıb.

Aznews.az xəbər verir ki, forumun yekun gününün proqramı yerli xalqların və qadınların şəhər inkişafındakı roluna həsr olunmuş dəyirmi masalarla başlayacaq.

Günün ikinci yarısında isə WUF13-ün rəsmi bağlanışına həsr olunmuş tədbirlər keçiriləcək. Forumun yekunlarına dair rəsmi mətbuat konfransı baş tutacaq. Daha sonra forumun bağlanış mərasimi keçiriləcək və WUF14-ə ev sahibliyi edəcək şəhərə rəmzi estafet təqdim olunacaq. Günün sonunda isə WUF13 bayrağının endirilməsi mərasimi təşkil ediləcək.

Forumun son günü boyunca iştirakçılar ötən beş gün ərzində aparılan müzakirələrin nəticələrini ümumiləşdirəcək, şəhərsalma, mənzil siyasəti və dayanıqlı inkişaf sahəsində gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirəcəklər.

WUF13-ün əvvəlki günlərində qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin qurulması, iqlim dəyişikliklərinə davamlılıq, süni intellektin şəhər idarəçiliyində tətbiqi, yaşıl urbanizasiya və sosial bərabərlik məsələləri geniş şəkildə müzakirə olunub.

Forumun dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr edilmiş sessiyalarla yadda qalıb. Həmin gün keçirilən SPECA Şəhərlər Forumunda Almaty şəhərinin “SPECA İqlimə Dayanıqlı Ağıllı Şəhərlər Forumu”nun yaradılması ilə bağlı Niyyət Bəyannaməsinə qoşulduğu elan olunub.

Seçilən
10
14
aznews.az

9Mənbələr