ABŞ-ın İrana qarşı başlatdığı irimiqyaslı müharibə Vaşinqtonun daxili siyasətində görünməmiş hərbi-siyasi böhrana və parçalanmaya səbəb olub. Prezident Donald Trampın ordunu Konqresin icazəsi olmadan döyüşə daxil etməsi rəsmi dairələrdə kəskin etiraz dalğası yaradıb.
Musavat.com xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasındakı respublikaçılar Prezident Donald Trampın İrana qarşı hərbi səlahiyyətlərini məhdudlaşdıran və ordunun geri çəkilməsini tələb edən qətnamə layihəsini səsvermədən geri götürməli olublar. "New York Times" qəzetinin yaydığı sensasion məlumata görə, partiya rəhbərliyi qətnamənin əleyhinə səs vermək və onu rədd etmək üçün kifayət qədər səs toplaya bilməyəcəklərini, yəni səsvermədə məğlub olacaqlarını anladıqdan sonra bu geri addımı atıblar.
Sözügedən sənəd Donald Trampdan ABŞ qoşunlarını dərhal İrandan çıxarmağı və ya müharibə aparmaq üçün Konqresdən rəsmi və hüquqi icazə almağı tələb edir. Layihənin qəbulu Ağ Evin hərbi strategiyasına ağır zərbə vura bilər.
Nəşrin materialında vurğulanır ki, respublikaçıların bu təcili manevri Senatda bənzər bir qətnamənin irəliləməsindən cəmi bir neçə gün sonraya təsadüf edib. Belə ki, Senatdakı səsvermə zamanı bir neçə respublikaçı senator öz partiyalarından olan prezidentə qarşı çıxaraq müharibənin dayandırılmasının lehinə səs vermişdi. Məlumata görə, Nümayəndələr Palatasında yaranan bu qorxu fonunda məsələnin müzakirəsi iyun ayının əvvəlinə təxirə salınıb. Konqresmenlər Anım Günü (Memorial Day) münasibətilə elan olunan tətildən qayıtdıqdan dərhal sonra Trampın İrandakı hərbi taleyini həll edəcək bu kritik sənədi yenidən masaya yatıracaqlar.
Musavat.com