AZ

“Qarabağdan Çanaqqalaya: türkün zəfər yolu” Ankarada moda nümayişi və konsert

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ankara, 22 may, AZƏRTAC

Ankaradakı Musiqi və Təsviri Sənət Universitetində (MGÜ) “Qarabağdan Çanaqqalaya: türkün zəfər yolu” adlı moda nümayişi və konsert təşkil edilib.

AZƏRTAC xəbər verir ki, təşəbbüs MGÜ və Çanaqqala 18 Mart Universitetinin (ÇOMÜ) rektorları, Türkiyədəki Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzi, Türk Tarixi və Mədəniyyəti Fondu və GEMAR ictimai təşkilatı tərəfindən təşkilati dəstəklənib.

Mədəniyyət Mərkəzinin nümayəndəsi Elnur Hüseynov proqramı açaraq ölkəmizin qardaş Türkiyə ilə münasibətlərinə yüksək dəyər verdiyini və onları qoruduğunu qeyd edib.

“İki qardaş xalqın irsi tarixi, mədəni və mənəvi köklərlə ayrılmaz şəkildə bağlıdır. Mədəniyyət Mərkəzi milli mədəniyyətin, ədəbiyyatın və Türk dünyasının ortaq dəyərlərinin təbliği üzrə səylərini davam etdirir”, - deyə o bildirib.

ÇOMÜ-nün rektoru professor Ramazan Cüneyt Erenoğlu və MGÜ-nün rektoru professor Erhan Özden çıxışlarında Türkiyə ilə Azərbaycan arasında birlik və həmrəyliyin vacibliyini vurğulayıblar. Natiqlər “Bir millət, iki dövlət” prinsipinə sadiq qalaraq, şəhid olan qəhrəmanları xatırlamağa və onların xatirəsini ehtiramla yad etməyə çağırıblar.

Universitet rəhbərləri “Qarabağdan Çanaqqalaya: türkün zəfər yolu” təşəbbüsünə verilən dəstəkdən məmnunluqlarını ifadə ediblər.

Daha sonra ÇOMÜ-nün İncəsənət fakültəsinin müəllimi Minarə Quliyeva tərəfindən moda nümayişi təşkil edilib.

Təşkilatçı bildirib ki, o, Türk dünyasının mədəni irsini mifologiya və qələbələr prizmasından öz əsərlərində təqdim etməyə çalışıb.

Tədbir müğənni Səidə Orucova, qarmonçalan Qiyas Qiyasov, kanonçu Zəminə Babayeva və tənbur ifaçısı Dəniz Şahinin çıxışları ilə başa çatıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
azertag.az

1Mənbələr