Bəzi insanlar keçmişi çox sevirlər.
1990-cı illərin mahnılarını dinləyir və ya keçmişə aid nələrisə kolleksiya kimi yığırlar. Həmçinin, sosial şəbəkələrdə də retro mahnılardan, keçmiş filmlərimizdən və ya proqramlarımızdan hissələr paylaşanların sayı çoxdur.
Maraqdır ki, 1990-cı illər üçün darıxanların bir çoxu o illərdə ya hələ doğulmamışdı, ya da uşaq bezində gəzirdi. Yəni yaşından asılı olmayaraq, hamımızın içində qəribə bir keçmiş sevdası var.
Bəs necə olur ki, insan heç vaxt yaşamadığı və ya çox az xatırladığı bir zaman dilimi üçün bu qədər dərin bir həsrət duya bilir? Niyə keçmiş bizə həmişə indiki zamandan daha rəngli, daha səmimi və daha “şirin” görünür?
Əslində burada çox səbəb olsa da, birincisi psixologiyadır. Çünki beynimiz keçmişi düşünəndə adətən pis xatirələri, çətinlikləri, maddi sıxıntıları deyil, sadəcə xoş xatirələri yada salır. Yəni keçmişi olduğu kimi deyil, olmasını istədiyimiz kimi xatırlayırıq. Bu gün 90-cı illər üçün darıxarkən, əslində o dövrün çətinlikləri üçün deyil, qayğısız günlərimizə görə darıxırıq.
Bəzi insanlar isə sanki indiki zamandan qaçmaq istəyirlər. Ən azından xəyallarında, paylaşımlarında keçmişə getməyi düşünürlər. Bundan başqa, insan bilmədiyi gələcəyi deyil, bildiyi keçmişi daha çox sevir. Faktiki olaraq, keçmiş təhlükəsiz sığınacaq kimidir. Çünki keçmişdə nə baş verdiyini artıq bilirik, sonluq bəllidir və hanısa sürpriz yoxdur. İnsan gələcəyin qeyri-müəyyənliyindən qorxanda keçmişi düşünür.
Keçmişi xatırlayın, amma bu gündən qopmayın...
Ümumiyyətlə, biz köhnə əşyalar üçün deyil, o əşyaların bizə bəxş etdiyi xatirələr üçün darıxırıq. Keçmişi xatırlamaq çox gözəldir. Bu, keçmişinizdən qopmadığınızı və haradan gəldiyinizi unutmamağınıza yardım edir. Lakin mütəmadi şəkildə keçmiş xəyallara dalmaq bu gününüz və gələcəyinizə diqqət etməməyinizə səbəb ola bilər. Yəni arxaya baxaraq getdikdə, qarşını görə bilməzsiniz.
Bəlkə də bu gün yaşamaqdan qorxduğumuz və bəyənmədiyimiz anlar da 20 il sonra kimlərinsə ah çəkərək qayıtmaq istədiyi xatirələr olacaq. Ona görə də bu gününüzü də doya-doya yaşayın və gözəl xatirələr yığın ki, geriyə dönüb baxanda üzünüzdə təbəssüm yaransın...
Aslan