Minatəmizləmə sahəsində Avropa təcrübəsini və ən yaxşı praktikaları regiona gətirməyə çalışırıq.
APA xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Münaqişədən Sonrakı Şəhər Yenidənqurması: Humanitar Mina Təmizləmə Fəaliyyətinin Həlledici Rolu” adlı tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Marijana Kuyunciç deyib.
O qeyd edib ki, hazırda Sloveniada yerləşən Mina Təmizlənməsi və Mina Qurbanlarına Yardım üzrə Beynəlxalq Etimad Fondu ilə
yeni layihə üzrə danışıqlar aparılır:
“Layihə ANAMA-nın institusional və əməliyyat imkanlarını gücləndirməyə yönəlib. Buraya mina axtaran itlərin hazırlanması, texniki avadanlıqların təmin edilməsi, mina qurbanlarına yardım, xüsusi ambulansların təqdim olunması daxildir. Layihə yaxın zamanda imzalanacaq və icra ediləcək. Bu öhdəlik komissar Marta Kosun ötən ilin sentyabrında Qarabağa səfəri zamanı götürülüb. Dəstəyə ehtiyac hələ də çox böyükdür. Aİ qlobal donor və Avropa Komandası olaraq dəstəyini davam etdirməyə hazırdır. Biz minatəmizləmə avadanlıqları, həmçinin “Mina Fəaliyyəti üzrə Beynəlxalq Mükəmməllik Mərkəzi” nin yaradılması üçün 10 milyon avro səfərbər etmişik. Avropa Komandasının ümumi dəstəyi artıq 22 milyon avroya çatıb. Bu mərkəz region üçün bilik paylaşımı platformasına çevrilə bilər”.