Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bakı, 22 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsi tələbələrimiz və gənc tədqiqatçılarımız üçün beynəlxalq akademik mühitə inteqrasiya, qabaqcıl şəhərsalma yanaşmaları ilə tanışlıq və müxtəlif ölkələrdən olan mütəxəssislərlə elmi-professional şəbəkələrin qurulması baxımından mühüm imkanlar yaradır. Forum çərçivəsində təşkil olunan panel müzakirələri, seminarlar və təqdimatlar iştirakçılara urbanizasiya, dayanıqlı inkişaf, innovativ şəhər modelləri və müasir memarlıq konsepsiyaları üzrə aktual tendensiyaları birbaşa beynəlxalq ekspertlərdən öyrənmək imkanı verir. Bu cür platformalar xüsusilə gənc tədqiqatçıların gələcək elmi əməkdaşlıqlara qoşulması və beynəlxalq layihələrdə iştirak perspektivlərinin genişlənməsi baxımından böyük əhəmiyyət daşıyır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və şəhərsalma kafedrasının müdiri professor, Əməkdar memar Sabir Orucov deyib. O bildirib ki, BMU forum çərçivəsində öz elmi-konseptual layihələri ilə təmsil olunur: “BMU-nun Memarlıq və inşaat fakültəsinin hazırladığı birinci layihə klassik islam şəhərsalma məktəbinin məhəlli təşkilatlanma prinsiplərinin müasir urbanistik nəzəriyyələr və dayanıqlı inkişaf yanaşmaları əsasında reinterpretasiyasına yönəlmiş modul tipli orqanik yaşayış strukturları konseptidir. “Pətək” modeli kimi təqdim olunan konsepsiya ənənəvi müsəlman şəhərlərinə xas məhəlli-məkan kompozisiyasını innovativ planlaşdırma metodologiyası ilə sintez edərək insanmərkəzli şəhər modelini təklif edir. Layihədə nəqliyyat və piyada münasibətlərinin optimallaşdırılması, sosial inteqrasiyanın gücləndirilməsi, ekoloji balansın qorunması və funksional urban məkanların formalaşdırılması elmi-praktik prioritetlər kimi müəyyən edilib. İkinci layihə Şuşa şəhərinin Cıdır düzü ərazisində kreativ müasir memarlıq nümunələrini istifadə etməklə “Milli Mədəniyyət Mərkəzi” konseptidir.
İnanırıq ki, WUF13-də iştirak universitetimizin müəllim, tələbə və gənc tədqiqatçıları üçün yeni elmi əməkdaşlıq imkanları yaradacaq, onların beynəlxalq təcrübə ilə yaxından tanış olmalarına və gələcək tədqiqat fəaliyyətlərinin daha da inkişaf etdirilməsinə mühüm töhfə verəcək”.
Müxbir – Aysel Azadqızı
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.