AZ

İmişlidə çiyid səpini başa çatıb

İmişli zəngin pambıqçılıq ənənəsi olan rayonlardan biridir. Ötən əsrin 70-ci illərindən Azərbaycanda, o cümlədən İmişli rayonunda pambıq bitkisinin məhsuldarlığı artaraq hər hektardan 35-40 sentnerə çatdırılmışdır.

Pambıqçılığın yüksək təşəkkül tapdığı İmişli rayonunda çiyid səpinini başa çatdırmaq üçün bütün qüvvələr səfərbər olunmuşdur. İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Sabit Səmədovdan aldığımız məlumata görə, ötən təsərrüfat ilində rayonda 7,9 min hektarda pambıq becərilmiş, 24,3 min ton “ağ qızıl” toplanmışdır. Məhsuldarlıq hər hektardan 30,8 sentner olmuşdur.

İdarə rəhbəri bildirib ki, 2026-cı il üçün İmişli rayonunda ümumilikdə 6369,72 hektar sahədə pambıq əkini həyata keçirmək üçün fermerlərlə müqavilə bağlanmışdır. “Prime Cotton” MMC 2442,72, “Azərpambıq” 1700, “P-Aqro” 820, “İnovasiya” 1107, “TST TEXTİL” MMC isə 300 hektar sahədə artıq çiyid səpinini başa çatdırmışdır. Hazırkı vəziyyətdə 4710,85 hektar sahədə çıxış əldə olunmuşdur. Əlbəttə, bu da yaxşı nəticənin əldə olunmasından xəbər verir. Fermerlərimiz bu il “Lazer”, “BA 10.10”, “Aramada” və “Ceyhan” məhsuldar toxum sortlarından istifadə ediblər.

DAİM-in direktoru qeyd etdi ki, pambıqçılığın inkişafı dövlətimiz tərəfindən dəstəklənir, pambıqçı əməyinə daim diqqət və qayğı göstərilir. Əvvəllər pambıq istehsalında, emalında, hazır məhsulun satışında mövcud olan süni əngəllər artıq aradan qaldırılmışdır. Pambığın alış qiymətinin artırılması bu qayğının daha bir parlaq nümunəsidir.

Rayonda kənd təsərrüfatı texnikaları ilə bağlı problem olmadığından cari mövsümdə çiyid səpinini qısa müddətdə başa çatdırmaq mümkün olmuşdur. Hazırda məhsulun əkilib-becərilməsində maşın-mexanizm, dərman preparatları sarıdan da çətinliklər yoxdur.

Ərəstun ABDULOV
XQ

Seçilən
30
1
xalqqazeti.az

2Mənbələr