AZ

7 iyun seçkisi: Ermənistanda vəziyyət gərginləşəcək, hətta vətəndaş müharibəsi...

“Ermənistan Baş naziri Nikol Paşinyana haqq qazandırmamaq mümkün deyil. O, keçmiş hökumət başçıları və vaxtı ilə onların komandasında təmsil olunmuş cinayətkar şəxslər haqqında dediklərində tamamilə haqlıdır”.

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında deputat Nəsib Məhəməliyev deyib.

Onun sözlərinə görə, məhz həmin qüvvələrin illərlə hakimiyyətdə qalması işğalçılıq və təcavüzkar siyasətin davam etməsi ilə nəticələndi:

“O baxımdan, Ermənistanda iyunun 7-də keçiriləcək seçkilərə sadəcə ölkə daxili kontekstdə yanaşmaq olmaz. Burada çox ciddi geosiyasi rəqabət gedir. Seçkilər yaxınlaşdıqca hadisələrin daha da gərginləşməsinin şahidi olacağıq. Son sorğulara baxsaq, seçicilərin təxminən 24 faizi Paşinyana dəstək ifadə edir. Bu da digər siyasi qüvvələrlə nisbətdə xeyli dərəcədə böyük səs faizidir. Bundan sonra Samvel Karapetyanın “Çiçəklənən Ermənistan” bloku gəlir ki, onun da səs faizi 9-dur. Robert Koçaryanın təmsil etdiyi siyasi blokun dəstəkçiləri isə cəmi 3 faizdir. Seçicilərin 30 faizi isə bu şəxslərdən heç birinə səs verməyəcəklərini bəyan edərək neytral qalıblar. 9 faiz insan isə ümumiyyətlə seçkilərdə iştirak etməyəcəyini bildirib".
Müsahibimiz qeyd edib ki, əslində bu mənzərənin özü göstərir ki, erməni toplumu artıq heç bir siyasi qüvvəyə, siyasi fiqura etibar etmir. Hətta Paşinyanın özünə mütləq dəstək yoxdur:

"Digər tərəfdən, hesab edilir ki, seçkilərin taleyini kənarda qalan səssiz təbəqə müəyyən edəcək”.

Deputat bildirib ki, Qərbin Paşinyana dəstəyi bəllidir, Rusiyanın da Ermənistan müxalifətinə dəstək verməsi gizli deyil:

“Burada ciddi təsir imkanlarına malik qüvvələrdən biri də Erməni Apostol kilsəsidir. Kilsə daim türk millətinə, müsəlmanlara qarşı nifrət və düşmənçilik siyasətini həyata keçirib. Elə “böyük Ermənistan”, “Miatsum” kimi daşnak ideologiyasının da kökü məhz erməni kilsəsindən gəlir. İndi bu kilsə açıq şəkildə Paşinyanın əleyhinə işləyir. Kilsə ciddi şəkildə hökumətə qarşı çalışır. Əslində, konstitusiyaya görə kilsənin seçki prosesinə birbaşa müdaxiləsi qadağandır. Amma buna rəğmən, kilsə müxtəlif üsullarla Paşinyan əleyhinə təbliğat aparır”.

*Nəsib Məhəməliyev:Rusiyanın Ermənistan müxalifətinə dəstək verməsi gizli deyil*

N.Məhəməliyev hesab edir ki, 7 iyun seçkilərindən sonra Ermənistanda daxili vəziyyət daha da gərginləşəcək:

“Hətta hadisələr vətəndaş müharibəsinədək gedib çıxa bilər. Çünki Rusiyanın Ermənistanda hərbi gücü var. Eyni zamanda ABŞ-nin Ermənistandakı səfirliyində 2 mindən artıq keçmiş hərbçilərdən, xüsusi xidmət orqanlarının nümayəndələrindən ibarət heyət mövcuddur. Digər maraqlı nüans odur ki, rəy sorğularına görə, seçicilərin 47 faizi TRİPP layihəsinin açılmasının əleyhinədir. Ancaq 41 faizi lehinədir. Paradoks ondadır ki, Ermənistan ictimaiyyətinin əksəriyyəti Avropayönümlü siyasətin dəstəkçisidir. Yəni açıq şəkildə Rusiya əleyhinə fikirlərini bəyan edirlər. İstənilən halda Ermənistan Rusiyayönümlü şəxslərin hakimiyyətə gəlməsi bizim üçün arzuolunan deyil. Bu, münasibətləri yenidən gərginləşdirə, müharibə ehtimalını artıra bilər”.

Aydın Baxış

Seçilən
0
1
turkustan.az

2Mənbələr