Dayanıqlı şəhərlərin qurulması gələcəyin prioritetidir
WUF13-də iştirak edən nüfuzlu qonaqlardan biri Kanadanın Mənzil, İnfrastruktur və İcmalar Nazirliyinin nümayəndəsi Eiad El-Fatehdir. Onunla dayanıqlı şəhərlərin qurulmasında hökumətlərin rolu, ağıllı şəhərlərin gələcəyi, forumda əldə olunan praktik təcrübələr və Bakı təəssüratı barədə müsahib olduq.
– Cənab El-Fateh, sizcə, dayanıqlı şəhərlərin qurulmasında hökumətlərin rolu necə olmalıdır?
– Mən hesab edirəm ki, hökumətlər dayanıqlı şəhərlərin qurulmasında əsas istiqamətverici qüvvədir. Çünki şəhərsalma yalnız yeni binaların tikilməsi demək deyil. Bu, insanların həyat keyfiyyəti, sosial rifahı, nəqliyyat, ekologiya və iqtisadi inkişafla birbaşa bağlı olan geniş bir sahədir. Hökumətlər uzunmüddətli strategiyalar hazırlamalı və şəhərlərin gələcəyini düşünərək qərarlar qəbul etməlidirlər. Əgər planlaşdırma düzgün aparılmazsa, gələcəkdə nəqliyyat sıxlığı, yaşayış problemləri və ekoloji risklər arta bilər.
Kanadada biz çalışırıq ki, şəhərlər həm ekoloji baxımdan dayanıqlı olsun, həm də insanlar üçün rahat yaşayış mühiti yaratsın. Burada əsas məqsəd, sadəcə, inkişaf deyil, balanslı inkişafdır.
– Necə bilirsiniz, ağıllı şəhərlər gələcəkdə bütün ölkələr üçün əsas model olacaqmı?
– Düşünürəm ki, bəli. Ağıllı şəhərlər artıq gələcəyin konsepsiyası deyil, bu günün reallığıdır. Texnologiya şəhər idarəçiliyində çox böyük rol oynamağa başlayıb. Məsələn, rəqəmsal nəqliyyat sistemləri, enerji sərfiyyatının avtomatik idarə olunması, təhlükəsizlik texnologiyaları və süni intellekt əsaslı həllər şəhərlərin daha effektiv işləməsinə kömək edir. Bu texnologiyalar insanların gündəlik həyatına daha rahatlıq gətirir. Amma mən hesab edirəm ki, ağıllı şəhər anlayışı yalnız texnologiya ilə məhdudlaşmamalıdır. Əsas məsələ insan yönümlü yanaşmadır. Texnologiya insanların rifahına xidmət etməlidir. Əgər insanlar özlərini rahat və təhlükəsiz hiss etmirlərsə, o zaman şəhərin “ağıllı” olması kifayət deyil.
– Bu forumda müzakirə olunan hansı praktik həllərin ölkənizdə tətbiq olunmasını faydalı hesab edirsiniz?
– Forumda bir çox maraqlı ideyalar səsləndirildi. Mən xüsusilə yaşıl şəhər infrastrukturu və ekoloji nəqliyyat modelləri ilə bağlı təqdimatları çox maraqlı hesab etdim. Bu gün iqlim dəyişiklikləri bütün dünya üçün ciddi problemdir. Ona görə şəhərlərin daha ekoloji olması vacibdir. WUF13 çərçivəsində təqdim olunan bəzi layihələr, xüsusilə enerji səmərəliliyi və yaşıl ictimai məkanlarla bağlı yanaşmalar Kanadada da faydalı ola bilər.
Bundan əlavə, müxtəlif ölkələrin sosial mənzil proqramları ilə bağlı təcrübələri də diqqətimizi çəkdi. Çünki sürətlə artan şəhər əhalisi fonunda əlçatan mənzil məsələsi bütün dövlətlər üçün aktual məsələyə çevrilib.
– Azərbaycanın foruma ev sahibliyi barədə nə demək istərdiniz?
– Düzünü desəm, mən çox müsbət təəssüratlar aldım. Azərbaycan bu tədbiri yüksək səviyyədə təşkil edib. Bakı həm müasir, həm də tarixi ruhu qoruyan maraqlı şəhərdir. Burada müasir memarlıqla milli irsin harmoniyası hiss olunur. Bu, çox önəmli məsələdir. Çünki şəhərlər inkişaf etdikcə, öz kimliyini itirməməlidir. Mən düşünürəm ki, Bakı bu baxımdan yaxşı nümunədir. İnsanların qonaqpərvərliyi məni xüsusilə təsirləndirdi. Forum iştirakçıları üçün yaradılan şərait çox yüksək səviyyədədir və bu, Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edə bildiyini göstərir.
– Sizcə, gələcəyin şəhərləri hansı xüsusiyyətlərə malik olacaq?
– Gələcəyin şəhərləri daha yaşıl, daha rəqəmsal və daha insanyönümlü olacaq. Düşünürəm ki, şəhərlər yalnız iqtisadi mərkəz kimi deyil, insanların keyfiyyətli həyat yaşadığı məkan kimi inkişaf etməlidir. Yaşıl zonaların artırılması, ictimai nəqliyyatın gücləndirilməsi və enerji səmərəliliyinin yüksəldilməsi əsas prioritetlər olacaq. Eyni zamanda, sosial bərabərlik məsələsi də çox vacibdir. Şəhərlər bütün insanlar üçün əlçatan olmalıdır.
– Qlobal iqlim dəyişikliyinin şəhərsalma siyasətinə təsiri barədə fikirlərinizi öyrənmək istərdik…
– Bu gün artıq heç bir ölkə iqlim dəyişikliklərini nəzərə almadan şəhər siyasəti qura bilməz. Sel riskləri, temperatur artımı və havanın çirklənməsi şəhərlərin gələcəyinə birbaşa təsir edir. Buna görə hökumətlər daha davamlı və ekoloji həllər üzərində işləyirlər. Alternativ enerji mənbələri, yaşıl nəqliyyat və ekoloji tikinti texnologiyaları gələcəyin əsas istiqamətlərindən olacaq.
– Kanada ilə Azərbaycan arasında şəhərsalma və infrastruktur sahəsində əməkdaşlıq perspektivlərini necə görürsünüz?
– Hesab edirəm ki, əməkdaşlıq üçün böyük imkanlar var. Xüsusilə dayanıqlı infrastruktur, yaşıl enerji və rəqəmsal idarəetmə sahələrində ortaq layihələr həyata keçirilə bilər. Azərbaycan sürətlə inkişaf edən ölkədir və burada böyük potensial görünür. Kanadanın təcrübəsi ilə Azərbaycanın dinamik inkişafı birləşərsə, gələcəkdə çox uğurlu əməkdaşlıq layihələri ortaya çıxa bilər.
– Bakıda sizi ən çox nə təəccübləndirdi?
– Şəhərin enerjisi və inkişaf tempi. Bakı çox dinamik şəhərdir. Burada həm müasirlik, həm də tarix hiss olunur. Mən xüsusilə insanların mehriban münasibətindən təsirləndim. İnanıram ki, Bakı gələcəkdə regionun ən mühüm beynəlxalq şəhərsalma və innovasiya mərkəzlərindən birinə çevriləcək.
P.S. Kanadalı qonağın fikirlərindən aydın oldu ki, müasir şəhərlərin inkişafı artıq yalnız tikinti və infrastruktur məsələsi deyil. Proses texnologiya, ekologiya, sosial rifah və beynəlxalq əməkdaşlıqla sıx bağlıdır. WUF13 kimi qlobal platformalar isə ölkələr arasında təcrübə mübadiləsinin genişlənməsinə və gələcəyin dayanıqlı şəhərlərinin formalaşmasına mühüm töhfə verir.
***
BMT-nin Məskunlaşma Proqramının Qlobal həllər bölməsinin siyasət və qanunvericilik rəhbəri Fiona Makkluni Bakıda regional və qlobal miqyasda mənzil təminatı problemlərinin həlli istiqamətində aparılan müzakirələrin əhəmiyyətini yüksək qiymətləndirdi, ölkəmizin nümayiş etdirdiyi qonaqpərvərliyə görə minnətdarlığını ifadə etdi: "Bakıda olmaq mənim üçün həqiqətən böyük məmnuniyyətdir. Burada bənzər qlobal məsələlər üzərində çalışan çoxlu maraqlı, peşəkar mütəxəssis bir araya gəlib. Biz birlikdə qlobal təsirə malik real həll yolları tapmağa çalışırıq.
Mən artıq Afrika, Asiya və ev sahibi olan Azərbaycandan olan həmkarlarımla geniş söhbət etmişəm. Biz hamımız eyni ortaq məqsəd – dünyanın müxtəlif yerlərində mənzil şəraitinin necə yaxşılaşdırılması üzərində düşünürük. Bu, olduqca möhtəşəm bir tədbirdir. Bizə belə yüksək səviyyəli qonaqpərvərlik göstərən, bu şəraiti yaradan Azərbaycan hökumətinə dərin təşəkkürümü bildirirəm".
Rəhbər həmçinin vurğuladı ki, XXI əsrin sürətli urbanizasiya dalğası şəhərsalma proseslərinə ənənəvi yanaşmaları tamamilə sıradan çıxarır və yeni konseptual baxış tələb edir: “Müasir mənzil sistemləri, nəqliyyat şəbəkələri və nəhəng infrastruktur layihələri artıq ayrı-ayrı bələdiyyələrin və ya kiçik lokal inzibati vahidlərin sərhədlərindən çox kənarda fəaliyyət göstərir. Gələcək mənzil siyasəti lokal çərçivələrlə məhdudlaşmamalıdır. Qlobal miqyasda böyüyən meqaşəhərlərin və aqlomerasiyaların real rolu, onların iqtisadi və demoqrafik potensialı mütləq nəzərə alınmalıdır.
Fiona Makkluni "Xalq qəzeti" vasitəsilə dünya birliyinə çağırış edərək bildirdi ki, şəhərlərin sürətli böyüməsi fonunda dayanıqlı inkişafa nail olmaq üçün yeni alətlərdən istifadə edilməlidir. Burada əsas hədəf rəqəmsal və sosial infrastrukturun inteqrasiyası, eləcə də regionlararası koordinasiyanın düzgün qurulmasıdır.
BMT rəsmisinin fikrincə, yalnız bu cür genişmiqyaslı və makro-regional yanaşma sayəsində həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş ölkələrdə əhalinin mənzil şəraitini keyfiyyətcə yeni, müasir bir mərhələyə qaldırmaq mümkündür. Bu kontekstdə, Bakı platforması qlobal şəhərsalma strategiyasının gələcək yol xəritəsinin cızılmasında mühüm mərhələ kimi tarixə düşür.
Hər kəsə daimi və rahat mənzil təminatı
Mənzil problemi Bakıda keçirilən WUF13-ün əsas müzakirə istiqamətlərindən birinə çevrilib. Ətrafında Beynəlxalq Daşınmaz Əmlak Federasiyasının (FIABCI) Prezidenti Antonio Kampanyoli ilə bu mövzuda həmsöhbət olduq.
– Cənab Kampanyoli, hazırda dünyada mənzil problemi necə təzahür edir?
– Təəssüf ki, bu gün dünyada təxminən 3 milyard insan uyğun olmayan şəraitdə yaşayır. Bu, çox böyük rəqəmdir və qlobal çağırışdır. Bir çox ölkələrdə urbanizasiya sürətlə artır, şəhərlərə axın güclənir və nəticədə əlçatan mənzil problemi daha da dərinləşir. İnsanlar bəzən təhlükəli, qeyri-sağlam və sosial infrastrukturu olmayan ərazilərdə yaşamağa məcbur qalırlar. Bu isə gələcək nəsillərin həyat keyfiyyətinə birbaşa təsir göstərir. Ona görə də düşünürəm ki, beynəlxalq ictimaiyyət bu məsələni prioritet olaraq gündəmdə saxlamalıdır.
– Sizcə, bu problemin həlli üçün hansı əməkdaşlıq modeli daha səmərəlidir?
– Mən hesab edirəm ki, burada ən vacib məsələ tərəfdaşlıqdır. Dövlət təkbaşına bütün problemləri həll edə bilməz. Özəl sektorun investisiyası və innovativ yanaşmaları vacibdir. Eyni zamanda, cəmiyyətin iştirakı da böyük əhəmiyyət daşıyır. İnsanlar öz ehtiyaclarını və problemlərini ən yaxşı bilən tərəfdir. Sevindirici haldır ki, bu günlərdə Bakıda məhz bu üç tərəf – dövlət, özəl sektor və vətəndaş cəmiyyəti bir araya gəlib. Bu platforma dialoq və birgə həll yolları üçün çox vacibdir.
– Federasiya gələcəkdə hansı istiqamətlərə daha çox diqqət ayıracaq?
– Bizim əsas məqsədimiz davamlı, inklüziv və əlçatan şəhər mühitinin təşviqidir. Əmlak sektoru sosial rifahın əsas elementlərindən biridir. Buna görə biz gələcəkdə yaşıl şəhərlər, dayanıqlı tikinti, sosial mənzil layihələri və innovativ urbanizasiya modelləri üzərində daha sıx işləməyi planlaşdırırıq. Eyni zamanda beynəlxalq əməkdaşlığın genişləndirilməsi də prioritet istiqamətlərdəndir. Onu da qeyd edim ki, WUF13 yeni əməkdaşlıq imkanları üçün olduqca mühüm platformadır.
– WUF13 ilə bağlı ümumi təəssüratlarınız nələrdir?
– Ümumiyyətlə, Federasiya olaraq 83 ölkədə fəaliyyət göstərən təxminən 200 assosiasiyanı bir araya gətiririk və burada olmaqdan çox məmnunam. İlk növbədə, UN-Habitat komandasına təşəkkür etmək istəyirəm. Uzun illərdir onlarla əməkdaşlıq edirik və gördükləri möhtəşəm işi yaxından izləyirik. Biz əvvəlki Ümumdünya Şəhər Forumunda da iştirak etmişdik, lakin bu forum həqiqətən çoxşaxəli və hərtərəfli təşkil olunub. Burada müxtəlif ölkələrdən hökumət nümayəndələrinin, özəl sektorun, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin bir araya gəlməsi olduqca vacibdir. Çünki şəhərlərin və mənzil məsələlərinin gələcəyi yalnız bir tərəfin səyi ilə formalaşa bilməz.
Azərbaycan çox gözəl ev sahibi ölkədir. Burada müşahidə etdiyim əsas məqam isə mənzil məsələsinə yanaşmanın çox geniş və inklüziv olmasıdır. Adətən bir çox ölkələrdə mənzil mövzusu yalnız tikinti və infrastruktur prizmasından qiymətləndirilir. Amma burada məsələ daha dərindən düşünülür. Mənzil təminatı yalnız ev tikmək deyil, insanlara keyfiyyətli yaşayış mühiti yaratmaq deməkdir. Ən vacib məqamlardan biri isə icmaların bu prosesdə iştirakıdır. İnsanların öz yaşayış mühitinin formalaşdırılmasına cəlb olunması çox mühüm yanaşmadır və düşünürəm ki, bu, digər ölkələr üçün də yaxşı nümunə ola bilər.
– Siz az öncə söhbətimiz zamanı “ev sadəcə baş üzərində dam deyil” ifadəsini işlətdiniz. Bu fikri bir qədər açardınız.
– Bəli, çünki mənzil insan həyatının təməlidir. Biz çox zaman evi sadəcə fiziki məkan kimi qəbul edirik. Halbuki ev insanın təhlükəsizlik hissidir, ailə dəyərləridir, sabitlikdir, sosial münasibətlərdir. Keyfiyyətli mənzil insanın həyat keyfiyyətini müəyyənləşdirən əsas amillərdən biridir. Bu həm orta təbəqə, həm aztəminatlı insanlar, həm də imkanlı şəxslər üçün keçərlidir. İnsan sağlam ailəni də, uğurlu biznesi də, cəmiyyətə faydalı fəaliyyəti də məhz sabit və təhlükəsiz yaşayış üzərində qura bilir. Buna görə də mənzil məsələsi yalnız sosial məsələ deyil, həm də iqtisadi və humanitar məsələdir.
– Son olaraq, Azərbaycana və forum iştirakçılarına mesajınız nə olardı?
– Mən bir daha Azərbaycana təşəkkür etmək istəyirəm. Forum çox yüksək səviyyədə təşkil olunub və burada çox vacib müzakirələr aparılır. Ümid edirəm ki, bu görüşlər real nəticələrə, yeni tərəfdaşlıqlara və insanların həyatını yaxşılaşdıracaq layihələrə çevriləcək. Mənzil insan həyatının əsasını təşkil edir və düşünürəm ki, bu istiqamətdə birlikdə çalışmaq gələcəyimiz üçün ən doğru yoldur.
– Təşəkkür edirik.
– Mən təşəkkür edirəm.
Hazırladılar:
Yusif ŞƏRİFZADƏ,
Nurlan ABDALOV,
Rauf İBRAHİMOV (foto)
XQ