AZ

Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR

Rusiya Ermənistana qarşı ritorikasını daha da sərtləşdirir. İrəvanın Avrointeqrasiya yolu tutmasından sonra Moskvadan gələn iqtisadi təhdidlər artıq hərbi müstəviyə keçib.

Belə ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu da Ermənistana qarşı təhdid və şantaja keçib.

O, Təhlükəsizlik Şurasının xüsusi işçi qrupunun iclasında Ermənistanı Rusiyaya qarşı açıq-aşkar düşmənçilik xarakterli hərəkətlərdə ittiham edib. Şoyqu həmçinin Ermənistan hakimiyyətini Rusiya ilə müttəfiqlik münasibətlərinin ruhuna zidd addımlar atmaqda günahlandırıb.

TŞ katibinin sözlərinə görə, İrəvan beynəlxalq müzakirələrdə artıq Rusiyanın deyil, müntəzəm olaraq Avropa İttifaqının mövqeyi ilə razılaşır. Şoyqu onu da xatırladıb ki, Rusiya ilə əməkdaşlıq Ermənistan iqtisadiyyatının əsasını təşkil edir. Rusiyanın Ermənistanın ümumi ticarət dövriyyəsindəki payı 36 faizdən çoxdur.

Hətta Şoyqu Ermənistanın müstəqliyinə görə də Moskvaya borclu olduğunu deyərək, bildirib ki, Ermənistan məhz Rusiyanın səyləri sayəsində 1990-cı illərdə suverenliyini qoruyub saxlayıb.

Bu təhdidlər nəyə hesablanıb?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, Ermənistanda qarşıdurma və toqquşmaların baş verməsi ehtimalı böyükdür:

“Rusiya Ermənistanda qarşıdan gələn seçkilərlə bağlı özü üçün ciddi nəticələrin əldə edilməsinə hazırlıq görür. Onların məqsədi odur ki, Paşinyan yenidən seçilməsin. Buna da nail olmaq üçün Rusiya əlində olan bütün vasitələrdən yararlanmağa çalışacaq. Bu məqsədlə də Ermənistana müxtəlif şəxsləri, təxribatçıları göndərirlər.

Moskva eyni zamanda, seçkinin taleyini həll edə biləcək tərəddüd edənlər kateqoriyasına aid çoxluğun da üzərindən prosesə təsir göstərməyə cəhd edir. Çalışırlar ki, həmin kəsimi də seçkiyə cəlb etməklə, Paşinyanın məğlubiyyətinə nail olsunlar. Ona görə də kənardan idarə olunmaqla böyük qalmaqallar, qarşıdurmaların, toqquşmaların baş verməsi də gözlənilir”.

Rüfət Sultan, Bizim.Media

Seçilən
44
bizim.media

1Mənbələr