AZ

Köhnə musiqi və filmlərə maraq niyə azalır?

Bir vaxtlar insanların illərlə dinlədiyi mahnılar, dəfələrlə izlədiyi filmlər vardı.

Köhnə kinolar televiziyada yayımlananda küçələr sakitləşirdi, musiqilər isə nəsildən-nəslə ötürülürdü. İndi isə vəziyyət dəyişib.

“Cebheinfo.az”-ın araşdırmasına görə, yeni mahnılar sürətlə məşhurlaşır, bir neçə həftə sonra isə unudulur.

Filmlər də əvvəlki qədər uzunömürlü təsir bağışlamır. Bəs niyə?

Mütəxəssislər hesab edir ki, bunun əsas səbəblərindən biri texnologiyanın insanların diqqət müddətini dəyişdirməsidir.

Sosial şəbəkələr və qısa videolar insanları sürətli məzmuna öyrəşdirib. İnsan artıq iki saatlıq köhnə filmə diqqət ayırmaq əvəzinə, bir neçə saniyəlik videolar izləməyə üstünlük verir.

Əvvəllər bir mahnını tapmaq üçün radio gözlənilirdi, kaset və ya disk alınırdı. İndi isə minlərlə musiqi bir toxunuşla əlçatandır. Bu rahatlıq seçim imkanını artırsa da, musiqinin “dəyər hissini” azaldır. İnsanlar artıq mahnılarla uzun emosional bağ qurmur, çünki hər gün qarşılarına yüzlərlə yeni musiqi çıxır.

Film sektorunda da oxşar vəziyyət yaşanır. Platformalar hər ay onlarla yeni serial və film təqdim edir.Nəticədə köhnə filmlərə qayıdış azalır. Bir çox gənc klassik kinoları “yavaş” və “səssiz” hesab edir. Halbuki həmin filmlər dövrünün emosiyasını və həyat tərzini əks etdirirdi.

Psixoloqlar deyirlər ki, insan beyni daim yenilik axtarmağa meyillidir. Sosial media alqoritmləri də bunu gücləndirir. Platformalar istifadəçiyə davamlı yeni məzmun göstərdiyi üçün köhnəyə maraq ikinci plana keçir.

Amma maraqlı bir detal da var: keçmiş musiqi və filmlər tamamilə yox olmur. Əksinə, müəyyən dövrlərdə yenidən populyarlaşır. Məsələn, sosial şəbəkələrdə köhnə mahnıların “trend” olması və ya illər əvvəl çəkilmiş filmlərin yenidən gündəmə gəlməsi bunun nümunəsidir.

Mədəniyyət araşdırmaçıları hesab edir ki, keçmiş sənətin təsiri daha dərin idi. Çünki əvvəllər insanlar eyni mahnıları və filmləri birlikdə yaşayırdı. İndi isə hər kəs fərqli platformada, fərqli məzmun izləyir. Bu da ortaq mədəni yaddaşı zəiflədir.

Yeni texnologiya köhnə sənəti tam sıradan çıxarmır, sadəcə onun qəbul formasını dəyişir. Bu gün klassik musiqilər və filmlər daha çox nostalji hissi ilə yada salınır.

Bəzən insanlar sürətli və yorucu rəqəmsal həyatdan bezəndə yenidən köhnə mahnılara və filmlərə qayıdırlar. Çünki həmin əsərlərdə bir çoxlarının “itirilmiş sakitlik” kimi gördüyü sadəlik və səmimiyyət var.

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr