AZ

ANAMA tərəfindən “Post-münaqişə dövründə şəhərlərin yenidən qurulması: Humanitar minatəmizləmənin mühüm rolu” mövzusunda yan tədbir keçirilib

Azərbaycanın ev sahibliyi etdiyi Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu tədbirlərindən biri – Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən “Post-münaqişə dövründə şəhərlərin yenidən qurulması: Humanitar minatəmizləmənin mühüm rolu” mövzusunda yan tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, Azərbaycan pavilyonunda təşkil olunan yan tədbir ölkəmizin üzləşdiyi mina problemini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, mina təhlükəsinin bərpa və yenidənqurma prosesinə təsirini vurğulamaq, eləcə də minatəmizləmə sahəsində qlobal əməkdaşlıq və bərpa təcrübələrini müzakirə etmək məqsədilə dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirib.

Tədbirdə açılış nitqi ilə çıxış edən ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, minatəmizləmə yalnız insanların həyatını xilas edən humanitar fəaliyyət deyil, eyni zamanda bərpa və yenidənqurmanın əsas təməlidir. Bu fəaliyyət yaşayış evlərinin yenidən inşası, infrastrukturun bərpası, kənd təsərrüfatının dirçəldilməsi, nəqliyyat şəbəkələrinin inkişafı və iqtisadi fəaliyyətin canlandırılması üçün zəruri şəraiti formalaşdırır. “Böyük Qayıdış” Proqramı çərçivəsində minatəmizləmə fəaliyyəti şəhərsalma, yenidənqurma və inkişaf proseslərinə tam şəkildə inteqrasiya edilib.

O vurğulayıb ki, mina təhlükəsi tək Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində bərpa prosesini ləngidir, inkişaf imkanlarını məhdudlaşdırır və əhalinin təhlükəsizliyini risk altında saxlayır. Məhz buna görə də bugünkü platforma xüsusi əhəmiyyət daşıyır. Mina probleminin aradan qaldırılması yalnız milli səylərlə məhdudlaşmır, davamlı beynəlxalq dəstək, tərəfdaşlıq, innovativ yanaşmalar və qabaqcıl təcrübələrin paylaşılmasını zəruri edir.

ANAMA yanında İctimai Şuranın sədr müavini Emil Həsənovun moderatorluq etdiyi panel müzakirələrdə ANAMA-nın İdarə Heyəti sədrinin müavini Samir Poladov, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundziç, ADA Universitetinin professoru, Meksikanın Azərbaycandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Rodrigo Labardini, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Layihələrin idarə edilməsi şöbəsinin müdiri Ramil Cahangirov iştirak edib.

Şəhərlərin yenidənqurulmasının əsasını təşkil edən minatəmizləmə fəaliyyəti və Azərbaycan təcrübəsi, münaqişədən sonrakı dövrdə bərpa və yenidənqurmanı dəstəklənməsi üçün beynəlxalq əməkdaşlıq, minalardan təmizlənmiş ərazilərdə şəhərsalma və yenidənqurma mözvularında panel müzakirələr keçirilib.

Yan tədbir münaqişədən sonrakı dövrdə təhlükəsiz və inklüziv şəhərlərin yenidən qurulmasında humanitar minatəmizləmənin strateji əhəmiyyətini vurğulayıb.

 

 

 

 

 

Seçilən
0
5
ikisahil.az

6Mənbələr