AZ

WUF13-də inklüziv və iqlimədavamlı mənzil təminatı diqqət mərkəzində olub

Mayın 22-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Qlobal mənzil investisiyalarına yenidən baxış: Ləyaqətli, dayanıqlı və inklüziv şəhər gələcəyinin maliyyələşdirilməsi” mövzusunda tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən tədbirin əsas məqsədi qlobal mənzil böhranını bərabərsizlik, inkişaf və sosial sabitlik prizmasından nəzərdən keçirmək, əlçatan, inklüziv və iqlimə davamlı mənzil təminatı üçün innovativ maliyyə mexanizmlərini araşdırmaq, davamlı şəhərsalma inkişafı üçün investisiyaların səfərbər edilməsində çoxtərəfli təsisatların, inkişaf banklarının, suveren fondların və özəl sektor subyektlərinin rolunu müzakirə etmək, mənzil, iqlim davamlılığı və Dayanıqlı İnkişaf Məqsədlərinin icrası arasındakı qarşılıqlı əlaqəni önə çıxarmaqdır.

UNESCO-nun İnklüziv və Dayanıqlı Şəhərlər üzrə Beynəlxalq Koalisiyasının sədri, Avropa Şəhərlərinin İrqçiliyə Qarşı Koalisiyasının prezidenti Benedetto Zacchirolinin moderatorluğu ilə keçirilən tədbirdə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Rebeka Qrinspan, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının həmsədri, Dünya Bankının keçmiş vitse-prezidenti İsmail Serageldin, Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) sabiq icraçı direktoru, hazırda Malayziya hökumətinin dayanıqlı urbanizasiya üzrə müşaviri, Kuala Lumpurun sabiq meri Maimuna Mohd Şərif, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Böyük Britaniya Lordlar Palatasının üzvü, Birlik Təşkilatının sabiq baş katibi Patrisia Skotland və COP29-un iqlim üzrə yüksəksəviyyəli çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai çıxış ediblər.

Çıxışlarda bildirilib ki, dünya görünməmiş bir qlobal mənzil böhranı ilə üz-üzədir. Artan urbanizasiya, genişlənən bərabərsizlik, iqlim həssaslığı, məcburi köçkünlük, demoqrafik təzyiqlər və yüksələn yaşayış xərcləri həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə mənzil sistemlərinə böyük təzyiq göstərir. Bu gün milyardlarla insan adekvat, əlçatan və dayanıqlı mənzil təminatından məhrumdur, şəhərlər isə sürətlə artan əhalinin sosial, iqtisadi və ekoloji tələblərini qarşılamaqda getdikcə daha çox çətinlik çəkir.

Qeyd olunub ki, mənzil artıq yalnız bir sosial siyasət məsələsi deyil. O, qlobal inkişaf, sosial sabitlik, iqtisadi davamlılıq və davamlı sülh üçün həlledici bir çağırışa çevrilib. Əlçatan və təhlükəsiz mənzilin olmaması bərabərsizliyi alovlandırır, təsisatlara olan inamı sarsıdır, şəhərdaxili parçalanmanı dərinləşdirir, iqlim dəyişikliyi və miqrasiya ilə bağlı həssaslıqları daha da kəskinləşdirir.

Tədbir müzakirələrlə davam edib.

Seçilən
0
4
ikisahil.az

10Mənbələr