6 dialoq sessiyası, 10 xüsusi müzakirə, 350-dən çox tədbir və zəngin sərgi proqramı bu forumu həqiqətən də qlobal əhəmiyyətli platformaya çevirdi. Burada insanların maraqlarını mərkəzə alan şəhər həyatına dair mühüm nəticələr əldə olundu.
Musavat.com-un əməkdaşı xəbər verir ki, bunu WUF13-ün bağlanış mərasimində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax bildirib. İcraçı direktor diqqətə çatdırıb ki, ilk növbədə mənzil məsələsi yenidən ictimai məsuliyyət kimi qəbul edilməlidir:
“İkincisi, şəhərlərin və icmaların imkanlarını gücləndirməliyik. Üçüncüsü, məcburi köçkünlüyün qarşısını almalı və həssas icmaları qorumalıyıq. Dördüncüsü, mənzil siyasətini transformasiya etməliyik. Beşincisi, məlumat sistemlərini inkişaf etdirməli və qərarların etibarlı, icma əsaslı sübutlara söykənməsini təmin etməliyik.
Nəhayət, aydın hədəflərə, ölçülə bilən hesabatlılığa və icmalarla real əməkdaşlığa əsaslanan idarəetmə sistemləri qurmalıyıq”.
A.Rossbax qeyd edib ki, Bakıdan Nyu-Yorka, Dayanıqlı İnkişaf Məqsədləri üzrə Yüksək Səviyyəli Siyasi Foruma və BMT Baş Assambleyasına qədər mənzil məsələsi Dayanıqlı İnkişaf Məqsədi 11-in həyata keçirilməsinin ikinci onilliyinin əsas prioritetinə çevrilməlidir:
“Mənzil təminatı bütün Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsini sürətləndirən əsas amillərdən biri kimi qəbul olunmalıdır. Buradan Türkiyədə keçiriləcək COP31-ə və BƏƏ-də təşkil olunacaq BMT Su Konfransına doğru irəliləyərkən əmin olmalıyıq ki, mənzil məsələsi həm iqlim, həm də su gündəliyinə tam şəkildə inteqrasiya edilir. İrəlidə bizi yeni təşəbbüslər və qlobal əməkdaşlıqlar gözləyir. Dünyanın 90-dan çox ölkəsində həyata keçirilən proqramlar və beynəlxalq tərəfdaşlıqlar bu istiqamətdə mühüm rol oynayacaq.
Sonda isə Azərbaycan hökumətinə və xalqına dərin təşəkkürümü bir daha ifadə etmək istəyirəm. Xüsusilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, təşkilat komandasına və forumun keçirilməsində əməyi olan bütün qurumlara minnətdarlığımı bildirirəm.
Bakıda nümayiş etdirilən dayanıqlılıq, baxış və qətiyyət göstərdi ki, Azərbaycan yalnız qurmaq deyil, həm də yenidən qurmaq və inkişaf etdirmək bacarığına malikdir”, -deyə A.Rossbax vurğulayıb.
Nigar Həsənli
Musavat.com