AZ

“Azərpoçt”un xüsusi WUF13 markası tədbirin simvollarından birinə çevrilib - REPORTAJ

Bakı, 22 may, AZƏRTAC

“AZCON Holding” şirkətlərindən olan “Azərpoçt” MMC mayın 17-dən 22-dək Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində tədbirə həsr olunmuş xüsusi poçt markasını dövriyyəyə buraxıb.

AZƏRTAC xəbər verir ki, bu markalar WUF13 iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Belə ki, WUF13-ün “Urban Expo” sərgisində qurulmuş “Azərpoçt” pavilyonunda tədbirin iştirakçıları, yerli və xarici qonaqlar Azərbaycan markaları ilə müxtəlif məktub və açıqcaları ailə üzvləri və dostlarına göndəriblər.

WUF13-də poçt markaları ilə Bakıdan dünyaya salam göndərildi

AZƏRTAC-a açıqlamasında “Azərpoçt”-un İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova deyib: “BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində xüsusi poçt markasını dövriyyəyə buraxdıq. Yeni marka təkrar emal olunmuş kağızdan hazırlanıb və bu, qurumun dayanıqlılıq və ekoloji məsuliyyətə sadiqliyini nümayiş etdirir. Məqsədimiz filateliya vasitəsilə ölkəmizdə keçirilən beynəlxalq tədbirləri yaşatmaq, eyni zamanda dayanıqlı və ekoloji məsuliyyətli poçt xidmətlərini təşviq etməkdir”.

A.İbrahimova bildirib ki, WUF13 günlərində həm yerli sakinlər, həm də xarici qonaqlar poçt markaları və poçt kartları əldə edərək onları dünyanın müxtəlif ölkələrinə göndəriblər. “Bu, o deməkdir ki, Bakıdan dünyanın hər bir ölkəsinə salam göndərildi, Bakının bugünkü ab-havası paylaşılmış oldu”, — deyə A.İbrahimova əlavə edib.

Qeyd edək ki, markanın əsas özəlliyi onun təkrar emal olunmuş kağız üzərində çap edilməsidir. Blokun kənarında yerləşdirilən “recycle paper” nişanı da bu ekoloji yanaşmanı əks etdirir. Poçt markası Belçika Poçtu tərəfindən 4000 tirajla, blok şəklində çap olunub.

Bu buraxılış “Azərpoçt”un filateliya sahəsində beynəlxalq tədbirlərə xüsusi yanaşmasını, eləcə də dayanıqlılıq və ekoloji məsuliyyət prinsiplərinə verdiyi önəmi bir daha nümayiş etdirir.

“Xəzər Muzeyi” və “Azərpoçt” yeni əməkdaşlıq layihələrinə hazırlaşır

“Xəzər” Muzey Mərkəzinin təsisçisi, tanınmış kolleksiyaçı Səyavuş Əlizadə AZƏRTAC-a açıqlamasında muzey və filateliya sahəsində həyata keçirilən əməkdaşlıq layihələrindən danışıb.

WUF13 çərçivəsində sərgi və layihələrə qoşulmaqdan məmnunluq duyduqlarını bildirən tanınmış kolleksiyaçı deyib: “Bu gün mənim üçün sevindirici məqamlardan biri o oldu ki, tədbirin ilk gününə həsr olunmuş zərfi öz əlimlə möhürlədim. Bu, kolleksiyaçılar üçün xüsusi əhəmiyyət daşıyan bir hadisədir və bunu şəxsən yaşamaq mənim üçün böyük sevinc oldu”.

S.Əlizadə əlavə edib ki, gələcək planlarda “Xəzər Muzeyi” ilə “Azərpoçt” arasında və ümumilikdə digər qurumlarla birgə müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

“Gələcəkdə həm “Xəzər Muzeyi”, həm də “Azərpoçt” ilə birgə müxtəlif layihələr reallaşdırmağı planlaşdırırıq. Ümid edirəm ki, bu əməkdaşlıq davamlı olacaq”, — deyə o bildirib.

Gənclər WUF13-də məktub və poçt markalarına xüsusi maraq göstəriblər

WUF13-də “Azərpoçt”un bu təşəbbüsünə gənclər biganə qalmayıb. Belə ki, onlarda rəqəmsal dünyadan fərqli olaraq öz enerji və xoş niyyətlərini məktub vasitəsilə öz ailə üzvləri və dostlarına göndəriblər.

AZƏRTAC-a açıqlamasında Nuray Quliyeva tədbir barədə təəssüratlarını bölüşərək bildirib ki, poçt markası vasitəsilə məlumat və mesajların göndərilməsi xüsusilə diqqətini cəlb edib.

O qeyd edib ki, təqdim olunan poçt materialları və onların istifadə imkanları haqqında məlumat alıb və bu təcrübəni maraqlı hesab edir.

“Poçt markası vasitəsilə dostlara məlumat göndərmək çox maraqlıdır. Burada təqdim olunanlar xoşuma gəldi. Xüsusilə Göygöl əks olunmuş açıqcanı çox bəyəndim”, — deyə o bildirib.

Xatırladaq ki, bundan əvvəl “Azərpoçt” MMC regionda ilk dəfə olaraq COP29 tədbirinə həsr edilmiş poçt markasını da məhz təkrar emal olunmuş kağız üzərində dövriyyəyə buraxmışdı.

Müxbir - Pərvanə Qafarova
Fotoqraf - Elşad Mirzə
Videooperator - Şövqi Əzizov
Seçilən
41
azertag.az

1Mənbələr