AZ

Almaniyadan İsrailə sərt tələb

Almaniya Xarici İşlər Nazirliyi İsrail hakimiyyətindən "Sumud" flotiliyasının fəallarına xəsarət yetirilməsi ilə bağlı vəziyyətə aydınlıq gətirməsini tələb edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, səkkiz Almaniya vətəndaşı İsraili tərk edərək İstanbula gəlib. Onlardan biri xəstəxanaya yerləşdirilib, daha sonra isə digər bir neçə nəfərə də həkim yardımı lazım olub. Jurnalistlərin araşdırmasına əsasən, həmin şəxslər İsraildə saxlanıldıqları müddətdə ciddi xəsarətlər, o cümlədən sümük sınıqları alıblar. Ehtimal olunur ki, onlara qarşı rezin güllələr kimi qeyri-effektiv bədən xəsarəti yetirən silahlardan istifadə edilib. Bununla belə, Almaniya XİN nümayəndələrinə İsraildə öz vətəndaşlarına baş çəkməyə icazə verilmədiyi dəqiqləşdirilir.

Nazirlik flotiliyanın bəzi almaniyalı iştirakçılarının yaralandığını təsdiqləsə də, hadisənin təfərrüatlarının hələlik məlum olmadığını bildirib. Almaniyalı diplomatlar yaranmış vəziyyətin ciddi suallar doğurduğunu da əlavə ediblər.

Ötən gün Yunanıstan XİN də İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin hərəkətlərinə görə bu ölkəyə etirazını bildirib. Buna səbəb nazirin saxlanılan "Sumud" flotiliyası fəalları ilə qəddar rəftarı əks etdirən video paylaşması olub. Məlumatda qeyd olunur ki, Yunanıstanın xarici işlər naziri Yorqos Gerapetritisin göstərişi ilə baş vermiş hadisə ilə bağlı etiraz addımları atılıb.

Xədicə BAXIŞLI

Seçilən
30
1
redaktor.az

2Mənbələr