AZ

Dünyanın 176 ölkəsi Azərbaycanda bir araya gəldi - rekord

Bakıda keçirilən WUF13- Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası 176 ölkədən 57 mindən çox iştirakçını bir araya gətirərək Forumun tarixində ən genişmiqyaslı tədbir kimi yadda qaldı. COP29-dan sonra ölkəmizdə təşkil olunan ikinci ən böyük beynəlxalq platforma olan WUF13 Azərbaycanın qlobal əməkdaşlıq, çoxtərəfli tərəfdaşlıq və beynəlxalq həmrəyliyin təşviqində mühüm rolunu bir daha nümayiş etdirdi. Forumun 2026-cı ildə məhz Bakıda keçirilməsi Azərbaycanın urbanizasiya və dayanıqlı şəhərsalma sahəsində beynəlxalq proseslərə verdiyi töhfələrin, eləcə də etibarlı tərəfdaş kimi qazandığı yüksək nüfuzun göstəricisi oldu. Tədbirin yüksək səviyyədə təşkili isə Azərbaycanın qlobal əhəmiyyətli beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmək imkanlarını və təşkilati potensialını növbəti dəfə təsdiqlədi.

WUF13 çərçivəsində Azərbaycanın sədrliyi ilə keçirilən Nazirlər görüşü də xüsusi əhəmiyyət daşıdı. Təxminən 70 ölkəni təmsil edən nazirlər və nazir müavinlərinin iştirakı ilə baş tutan görüşün yekununda qəbul olunan “Sədrin xülasəsi” sənədində Prezident İlham Əliyevin uzaqgörən liderliyi vurğulandı, Forumun tarixi miqyası xüsusi qeyd edildi və Azərbaycan hökuməti ilə xalqına göstərilən qonaqpərvərlik və uğurlu təşkilatçılıq üçün təşəkkür ifadə olundu. Sənəddə həmçinin Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa və yenidənqurma işləri yüksək qiymətləndirildi, milli şəhərsalma forumlarının əhəmiyyəti ön plana çəkildi və Azərbaycanın bu istiqamətdə irəli sürdüyü təşəbbüslər təqdir edildi. Qəbul edilən “Sədrin xülasəsi”nin Forumun yekun sənədi olan “Bakı Fəaliyyətə Çağırış” sənədinə və BMT-nin “Yeni Şəhər Gündəliyi” üzrə aralıq icmal prosesinə mühüm töhfə verəcəyi bildirildi.

Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev Musavat.com-a açıqlamasında paytaxtımızda keçirilən WUF13-ün 176 ölkədən 57 mindən çox iştirakçını bir araya gətirərək Forumun tarixində ən genişmiqyaslı tədbir kimi yadda qalmasının təsadüf olmadığını nəzərə çatdırdı: "Daim yüksək təşkilatçılıq qabiliyyəti ilə tanınan Azərbaycan dövləti növbəti dəfə beynəlxalq həmrəyliyin təşviqində öz mühüm rolunu oynadı və nümayiş etdirdi.

Əlbəttə ki, Forumun 2026-cı ildə məhz Bakıda keçirilməsi təsadüf deyildi və bu, həm də nüfuzlu tərəfdaş kimi Azərbaycana göstərilən etimad idi. Dövlətimiz isə həmin etimadı yetərincə, lazımınca, artıqlaması ilə doğrultdu və qlobal masştablı tədbiri - WUF13-ü yüksək səviyyədə təşkil etməklə həmin etimada layiq olduğunu bir daha təsdiqlədi.

Xüsusi qeyd etmək yerinə düşər ki, WUF13 çərçivəsində Azərbaycanın sədrliyi ilə keçirilən Nazirlər görüşü də xüsusi əhəmiyyət daşıyırdı və yekunda qəbul olunan “Sədrin xülasəsi” sənədində Prezident İlham Əliyevin uzaqgörən liderliyinin, Forumun tarixi miqyasının vurğulanması, göstərilən qonaqpərvərlik, sərgilənən uğurlu təşkilatçılıq üçün Azərbaycan hökumətinə və xalqına təşəkkürün ifadə olunması da son dərəcə əlamətdar məqamlardan biri idi. Məlum sənəddə həmçinin Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa və yenidənqurma işləri yüksək qiymətləndirildi və Azərbaycanın bu istiqamətdə irəli sürdüyü təşəbbüslər təqdir edildi.

Şəxsən özüm, açılış günündən etibarən WUF13-ün gedişatını canlı izlədim, müxtəlif tədbirlərdə iştirak etdim və proses boyunca bir daha gördüm və şahidi oldum ki, dövlətimin nüfuzu zirvələrdədir, ən yüksək həddədir.

Tanrı bizə bu uğurları, bu qalibiyyətləri çox görməsin".

Cavanşir Abbaslı
Musavat.com

 

Seçilən
73
musavat.com

1Mənbələr