Ötən gecə Ukrayna Silahlı Qüvvələri Krasnodar diyarının Novorossiysk şəhərində yerləşən bir sıra obyektlərə dron zərbələri endirib.
Musavat.com-un məlumatına görə, Rusiya Kuban əməliyyat qrupu bildirib ki, Novorossiyskdəki neft anbarında pilotsuz uçuş aparatının qalıqlarının düşməsi nəticəsində yanğın baş verib: "Novorossiyskdə pilotsuz təyyarənin qalıqlarının düşməsi nəticəsində neft anbarında yanğın baş verib”.
Qrup həmçinin bir neçə texniki və inzibati binanın alovlandığını və pilotsuz təyyarənin qalıqlarının yanacaq terminalına da düşdüyünü dəqiqləşdirib. Daha sonra əməliyyat qrupu hücum nəticəsində iki nəfərin yaralandığını açıqlayıb. Novorossiysk meri Andrey Kravçenko Ukrayna pilotsuz təyyarəsinin hücumunun dəf edilməsi səbəbindən nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulduğunu elan edib.
Rusiya sosial şəbəkələrində zərbənin Novorossiysk neft terminalına endirildiyi və orada güclü yanğın başlandığına dair məlumatlar yayılır.
Qeyd edək ki, Nororossiysk terminalı Rusiyanın Qara dənizdəki ən böyük neft ixrac obyektidir. Oradan həmçinin Xəzər Boru Kəməri ilə nəql olunan Qazaxıstan nefti dünya bazarına göndərilir.
Musavat.com