Rusiya istintaq orqanları şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparovu terrorizmə bəraət qazandırmaqda ittiham edərək beynəlxalq axtarışa verib.Bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, Kasparov barəsində Cinayət Məcəlləsinin terrorizmə açıq çağırışlar və ya ona bəraət qazandırma ilə bağlı maddəsi üzrə cinayət işi açılıb və onun axtarışa verilməsi barədə qərar qəbul edilib.
Bildirilib ki, keçmiş qrosmeyster həmçinin dövlət çevrilişinin planlaşdırılmasında ittiham olunur.
2005-ci ildə şahmat karyerasını başa vuran Kasparov 2013-cü ildə Rusiyanı tərk edib və hazırda ABŞ-də yaşayır. O, ötən il Rusiyada “terrorçu və ekstremistlər” siyahısına daxil edilib.
Moskvanın Zamoskvoreçye rayon məhkəməsi 2025-ci ilin dekabrında Kasparov barəsində ekstradisiya və ya deportasiya olunacağı halda Rusiya hüquq-mühafizə orqanlarına təhvil verilməsi şərti ilə iki aylıq həbs qətimkan tədbiri seçib. Komi məhkəməsi isə onun barəsində qiyabi həbs qərarı çıxarıb.