AZ

İran ABŞ-ni sülh danışıqlarını pozmaqda ittiham edib

Tehran Vaşinqtonun ziddiyyətli mövqeyinin və “həddindən artıq tələbləri”nin diplomatik prosesi çətinləşdirdiyini açıqlayıb...

İran hakimiyyəti ABŞ-ni sülh danışıqlarına mane olmaqda və diplomatik prosesi zəiflətməkdə ittiham edib.

Poliqon xəbər verir ki, bu barədə Fransanın Le Monde nəşri məlumat yayıb.

Məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçi BMT-nin baş katibi Antonio Quterreş ilə keçirdiyi danışıq zamanı Vaşinqtonun mövqeyindən narazılığını ifadə edib. Nazir ABŞ tərəfinin “ziddiyyətli mövqelər” sərgilədiyini və dəfələrlə “həddindən artıq tələblər” irəli sürdüyünü bildirib.

Əraqçinin sözlərinə görə, bu amillər Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə mənfi təsir göstərir və diplomatik irəliləyiş imkanlarını zəiflədir. İranlı nazir qeyd edib ki, bu davranış danışıqların normal gedişinə mane olur və tərəflər arasında etimadın formalaşmasını çətinləşdirir.

Nəşrin məlumatında bildirilir ki, hazırda Pakistan ordusunun Baş Qərargah rəisi, feldmarşal Asim Münir vasitəçilik təşəbbüsləri çərçivəsində Tehranda səfərdədir. Onun səfərinin əsas məqsədi tərəflər arasında diplomatik dialoqun davam etdirilməsi və gərginliyin azaldılması istiqamətində səylərin koordinasiya edilməsidir.

İranın xarici işlər naziri əlavə edib ki, İslam Respublikası ABŞ-yə qarşı dərin etimadsızlığa baxmayaraq, məsuliyyət hissi və ciddi yanaşma ilə diplomatik prosesdə iştirakını davam etdirir. Əraqçinin sözlərinə görə, Tehran “məntiqli və ədalətli nəticə” əldə olunmasına çalışır və mövcud danışıqları regional sabitlik baxımından mühüm hesab edir.

Poliqon.info

Seçilən
34
poliqon.info

1Mənbələr