AZ

Moskvadan Ermənistan məhsullarına qadağa: Paşinyanı çökdürə biləcəklər?

Bakupost portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiya seçkilər ərəfəsi Ermənistana qarşı təzyiqləri bütün sahələr üzrə kəskinləşdirib. Bu təzyiqlər özünü siyasi sahədən tutmuş iqtisadi müstəviyə qədər bütün spektri əhatə edir. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") bikarbonat ionu, xloridlər və sulfatların normadan çox aşkar edildiyi üçün Ermənistandan "Cermuk" mineral sularının idxalını dayandırmaq üçün müvəqqəti sanitar tədbir tətbiq edib.

Federal xidmətin rəhbəri Sergey Dankvert bildirib ki, məhsul etiketdə göstərilən məlumatlara uyğun gəlmir.

İddialara görə, məhsulların müalicəvi xüsusiyyətləri barədə yanlış məlumatlar səmərəsiz müalicəyə və sağlamlığın pisləşməsinə səbəb ola bilər. Agentlik qərarı bazarı karantin məhsullarından qorumaq üçün zəruri hesab edib.

Eyni zamanda, "Rosselxoznadzor" da Ermənistandan gələn meyvə-tərəvəz təchizatı ilə bağlı problemlər barədə məlumat verib.

Qeyd olunub ki, bu məqsədlə istixanalar yoxlanılır.

Xatırladaq ki, bu Rusiyanın müvafiq qurumlarının Ermənistandan ixrac edilən məhsullarla bağlı atdığı ilk belə addım deyil. Mayın 22-dən başlayaraq, Rusiya Ermənistandan gül idxalını müvəqqəti olaraq məhdudlaşdırıb.

Statistikaya görə, Ermənistanın gül məhsulların 90%-dən çoxu Rusiyaya ixrac olunur. Keçən il Ermənistanın Rusiyaya gül ixracının həcmi təxminən 46 milyon dollar civarında olub. Rusiya rəsmiləri bu tədbirlərin yoxlamalar başa çatana və nəticələr təhlil edilənə qədər qüvvədə qalacağını bəyan ediblər.

Rusiyada Ermənistana münasibətdə atılan bu addımların arxasında qida təhlükəsizliyinin dayandığı iddia edilsə də, mövcud vəziyyətdə bunun o qədər də reallığı əks etdirmədiyi proqnozlaşdırılır.

Bu da Ermənistanda yaxınlaşan parlament seçkilərilə bağlıdır. Seçkilər fonunda Moskva Paşinyan hakimiyyətinin nüfuzdan salınması üçün əlində olan bütün vasitələri işə salır. Rusiya hər fürsətdən istifadə edir ki, Ermənistanda özünə sadiq qüvələri hakimiyyət başına gətirsin.

Son günlər ardıcıl olaraq Ermənistandan ixrac olunan gül, mineral sular və meyvə-tərəvəzə münasibətdə atılan addımlar da məhz bu siyasətin tərkib hissəsidir. Bununla Rusiya onu göstərmək istəyir ki, Paşinyan hakimiyyətdə qalacağı təqdirdə, Ermənistandan gətirilən daha çox sayda məhsula münasibətdə anoloji addımlar həyata keçiriləcək və belədə həmin məhsulların idxalı ya azalacaq, ya da tamamilə dayandırılacaq. Bu isə Ermənistan iqtisadiyyatı və sözügedən məhsulları ixrac edən sahibkarlara, həmin sahələrdə çalışan işçilərə vurulan zərbə olacaq.

Bu yoldan istifadə etməklə də çalışılır ki, mümkün qədər daha çox insan Paşinyanın siyasətindən ziyan çəksin və belədə seçkilərdə onun rəqiblərinə səs versinlər. Burada əsas olan seçiciləri ələ almaqdır.

Yəni bütün bu kimi addımların arxasında sırf seçki məsələsinin dayandığı bütün çılpaqlığı ilə hiss olunur. Görünən odur ki, belə vəziyyət Paşinyanın hakimiyyətdə qalması fonunda daha da şiddətlənəcək. Revanşistlərin hakimiyyətə gələcəyi fonunda isə proses əvvəlki vəziyyətə qayıdacaq.

Rüfət Sultan, BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
www.bakupost.az

1Mənbələr