AZ

Pakistan ordusunun komandanı Tehranda Pezeşkian və Əraqçi ilə görüşdü

BAKI,TurkicWorld Orxan Qədirzadə

Yaxın Şərqdə artan gərginliyin qarşısının alınması məqsədilə diplomatik təmaslar intensivləşib. İran Prezidenti Məsud Pezeşkian Tehranda Pakistan ordusunun komandanı Asim Münir ilə görüş keçirib. Görüş region ölkələri ilə hərbi eskalasiyanın qarşısının alınması və sabitliyin gücləndirilməsi istiqamətində aparılan məsləhətləşmələr çərçivəsində baş tutub.

TurkicWorld xəbər verir ki, İran xarici işlər naziri Abbas Əraqçi də Pakistan ordusunun komandanı ilə görüşərək, regionda sülhün və təhlükəsizliyin təmin olunması yollarını müzakirə edib. Paralel olaraq İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf görüş zamanı bildirib ki, İran xalqının hüquqlarından geri çəkilməyəcək və etibarlı hesab etmədikləri tərəfə güzəşt etməyəcəklər.

Görüşdə həmçinin ABŞ-la regionda artan qarşıdurmanın idarə olunması, atəşkəsin qorunması və hərbi əməliyyatların dayandırılması məsələləri müzakirə edilib. Pakistan ordusu səfərin vasitəçilik və regiondakı diplomatik səylərlə bağlı olduğunu təsdiqləyib.

Qətər Xarici İşlər Nazirliyi ölkənin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Sani vasitəsilə İran xarici işlər naziri ilə telefon danışığı aparıb. Söhbətdə Hörmüz boğazının təhlükəsizliyi və gəmiçiliyin azadlığı məsələləri vurğulanıb, bölgədə davamlı sabitliyin təmin olunmasının əhəmiyyəti qeyd olunub.

TurkicWorld xəbər verir ki, İran Xarici İşlər Nazirliyi həmçinin Oman xarici işlər naziri Bədr əl-Busaidi ilə telefon danışığı apararaq, regiondakı vəziyyət, ABŞ və İsrail ilə qarşıdurma və gərginliyin azaldılması yollarını müzakirə edib. ABŞ dövlət katibi Marko Rubio isə danışıqlarda müəyyən irəliləyişin əldə olunduğunu, lakin yekun razılaşmanın hələ əldə olunmadığını bildirib.

Hazırda tərəflər arasında əsas fikir ayrılıqları Hörmüz boğazı, İranın nüvə proqramı, zənginləşdirilmiş uran ehtiyatları və ABŞ-nin sanksiyaları ətrafında cəmlənib. Diplomatik proseslər regionda gərginliyin idarə olunması üçün davam edir.

Seçilən
29
turkic.world

1Mənbələr