AZ

İdman zalına gedənlər mütləq bu müayinədən keçsin Həkim

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Son illərdə idman zallarında qəfil ölüm halları və səhhətlə bağlı ciddi problemlər daha çox müzakirə olunan mövzulardan birinə çevrilib. Ağır fiziki yüklənmə, gizli ürək xəstəlikləri, nəzarətsiz məşq proqramları və bəzi hallarda müxtəlif preparatlardan istifadə bu riskləri artırır. Xüsusilə əzələ kütləsini qısa müddətdə artırmaq istəyən şəxslərin steroid və insulin kimi preparatlara üz tutması narahatlıq doğuran məqamlardan hesab olunur.Məsələ ilə bağlı tibb məsələləri üzrə ekspert Şahvələd Məmmədov Demokrat.az-a bildirib ki, son vaxtlar idman zallarında bir neçə ölüm halı qeydə alındı:“Gənc yaşlarda qəfil ölüm halları baş verdi. Qəfil ölümlərin təxminən 90 faizi “qəfil koronar ölüm”, yəni qəfil ürək dayanması ilə əlaqələndirilir. Bu isə onu göstərir ki, idman zallarında ağır fiziki yüklənmə və nəzarətsiz məşq proqramları ilə məşğul olan insanlar ciddi risk altındadırlar. Nəzarətsiz dedikdə, ilk növbədə tibbi müayinədən keçmədən idmanla məşğul olmaq nəzərdə tutulur. Ən azından elektrokardioqrafiya, exokardioqrafiya və digər ürək müayinələri aparılmalıdır. Çünki bəzi insanlarda gizli gedən kardiovaskulyar risklər ola bilər. Məsələn, atasında, babasında, anasında, nənəsində, əmisi və ya dayısında ciddi ürək xəstəlikləri olmuş şəxslər risk qrupuna daxildirlər. Belə insanların, xüsusilə gənclərin sağlam qalmaq məqsədilə ağır idman növləri ilə məşğul olması bəzi hallarda gizli ürək xəstəliklərinin üzə çıxmasına səbəb olur. Bu da qəfil ürək dayanmasına, ürək anevrizmasına və ya beyin anevrizmasına gətirib çıxara bilər. Bunlar isə olduqca ağır və həyati təhlükəli hallardır. Belə vəziyyətlərdə insanların təcili əməliyyata götürülməsi tələb olunur və sağ qalma ehtimalı vəziyyətin ağırlığından asılı olur”.O deyib ki, xüsusilə qısa müddətdə əzələ kütləsini artırmaq istəyən şəxslərin steroid və insulin kimi preparatlardan istifadə etməsi ciddi narahatlıq doğurur:“Bu preparatların insan orqanizmi üçün çox ciddi əks-təsirləri ola bilər. Çünki hər bir insanın orqanizmində özünəməxsus hormonal balans mövcuddur. Orqanizmi idarə edən neyrohumoral faktorlar və hormonal sistem müəyyən tarazlıq əsasında fəaliyyət göstərir. Kənardan steroid və insulin iynələri ilə müdaxilə edildikdə isə bu balans pozulur. Nəticədə müxtəlif təhlükəli və riskli xəstəliklərin yaranma ehtimalı artır. Bu səbəbdən idman zallarına gedən şəxslərə ilk növbədə tibbi müayinədən keçmək tövsiyə olunur. Onların irsi-genetik və gizli xəstəliklərinin aşkarlanması üçün lazımi yoxlamalar aparılmalı, daha sonra isə mütəxəssis nəzarəti altında və müəyyən edilmiş təlimatlara uyğun şəkildə idman hərəkətləri yerinə yetirilməlidir”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
1
demokrat.az

2Mənbələr