AZ

İranda yanvar etirazlarının iştirakçısı edam edilib

Rəsmi Tehran edam olunan şəxsi silahlı iğtişaşların təşkilatçılarından biri adlandırır...

Poliqon xəbər verir ki, İranda bu ilin yanvar ayında baş vermiş hökumət əleyhinə etiraz aksiyalarının iştirakçılarından biri olan Abbas Əkbərinin barəsində çıxarılmış ölüm hökmü icra olunub. Bu barədə İranın IRNA Agentliyi məlumat yayıb.

İran hakimiyyəti Abbas Əkbərini ölkənin İsfahan əyalətinin Nain dairəsində baş verən iğtişaşların “silahlı liderlərindən biri” kimi təqdim edib. İstintaqın versiyasına görə, o, dairə administrasiyasının binasına hücumun təşkilində əsas rol oynayıb, həmçinin infrastruktur obyektlərinə və təhlükəsizlik qüvvələrinə məxsus binalara qarşı dağıntı aksiyalarında iştirak edib.

Xatırladaq ki, İranda genişmiqyaslı hökumət əleyhinə etirazlar 2025-ci il dekabrın 28-də başlayıb. Etirazların əsas səbəbi ölkədə dərinləşən iqtisadi böhran, milli valyutanın kəskin dəyər itirməsi və ərzaq məhsulları ilə gündəlik tələbat mallarının qiymətlərində ciddi artım olub. Qısa müddət ərzində aksiyalar ölkənin onlarla şəhərini əhatə edib və vəziyyət təhlükəsizlik qüvvələri ilə toqquşmalara çevrilib.

“Time” jurnalı və “Iran International” telekanalı etirazlar zamanı 30 mindən çox insanın həlak olduğunu iddia edib. İran hakimiyyəti isə bu rəqəmləri “tamamilə yalan və təxribat xarakterli məlumatlar” adlandıraraq təkzib edib. ABŞ-də fəaliyyət göstərən HRANA insan haqları təşkilatı isə azı 7 min nəfərin öldüyünü təsdiqlədiyini açıqlayıb.

Bundan əvvəl ABŞ-də yerləşən İran İnsan Haqları Mərkəzi mart ayının ortalarından aprelin sonunadək ölkədə edamların sayında görünməmiş artım müşahidə olunduğunu bildirmişdi. Təşkilatın məlumatına görə, bu müddətdə azı 22 siyasi məhbus edam olunub. Onların arasında yanvar etirazları zamanı saxlanılan on nəfərin də olduğu qeyd edilir.

Hüquq müdafiəçiləri bildirirlər ki, məhkəmə prosesləri ciddi məxfilik şəraitində keçirilib, müttəhimlərə qarşı ittihamlar isə əsasən işgəncə altında alınmış etiraf ifadələrinə söykənib.

Poliqon.info

Seçilən
18
poliqon.info

1Mənbələr