AZ

Qələm olanlarla qələmin olanlar - Pərvanə Bayramqızı yazır

Ağlıma "qələm adam"la "qələmin adamı" ifadəsi gəlir. Sözlər eyni olsa da, mahiyyətcə fərqli anlayışlardır. Yazmağı yaşamaq, yazını nəfəs sananlar qələm adamdılar. Bunlar canları-qanları ilə özləri qələmdirlər. Yazdıqlarından hər cür istifadə edənlər, hər məqsəd üçün yazanlarsa qələmin adamlarıdır, onlar qələmin başına yığılıb ondan yararlanırlar.

Qələmin adamları həssas, diqqət sevən, mehribanlığa susayan olurlar. Hansı birinə "şeirini, hekayəni oxumuşam" deyən olanda üzü gülür, şadlanır. Onları bir kəlmə sözlə aldatmaq, eyni zamanda ruhdan salmaq da mümkündür. Bu cür məqam da yazdıqları ilə bağlıdır, pis yazana yaxşı yazdığını desən, inanıb yeni-yeni pis əsərlər yazar. Yaxşı yazana da "o nədir yazmısan?" söyləyən olsa, kədərlənər, normal mətnə dəyər verilmədiyinə görə əhval-ruhiyyəsi korlanar. 

Qələmin adamları ziyansızdırlar, onlara zərər yetirməyin. Onların pisliyi təkcə ədəbiyyatadır, sizə neynəyirlər ki?

Qələm adamların nəzərində isə hər yan ədəbiyyatdır, ətraf dolu obrazdır. Onlar özləri də get-gedə ədəbiyyata çevrilirlər.

Qələm adamlar həmkarlarının yazdıqlarını da sevib dəyərləndirməyi bacarırlar. Bu cür olanlarda bir-birinə qarşı istiqanlılıq, doğma hisslər duyulur. Adama elə gəlir ki, ədəbi mühitdəki qələm adamlar bir ailənin üzvləridir. Başqa sahənin adamları ünsiyyətdə quru, soyuq olur, rəsmi davranırlar, elə ki, bir şair bir yazıçı ilə qarşılaşır, "Ooo!" deyib sevincək ona sarı qaçır. Mənə elə gəlir, onlar bir-birinə ən yaxın, ən doğma  adamlardır. Hiss, duyğu ilə, ürəklə yaşayanlar dünyanın ən gözəl, ən təhlükəsiz sakinləridir.

Səmimi ünsiyyətə, doğmalıq hissinə şübhə ilə yanaşanlar, pis gözlə baxanlar öz hisslərindən əmin olmayanlardı.


 

Seçilən
24
1
adalet.az

2Mənbələr