AZ

Yalçın Rəfiyev: Azərbaycanın Afrika ilə əlaqələri əhəmiyyətli dərəcədə genişlənib

Afrika bu gün dünyanın ən dinamik və perspektivli regionlarından biridir. Gənc əhalisi, sürətlə inkişaf edən iqtisadiyyatı, zəngin təbii sərvətləri və artan geosiyasi əhəmiyyəti ilə qitə artıq qlobal siyasi və iqtisadi gündəliyin formalaşmasında mühüm rol oynayır...

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev “Afrika Günü” nə həsr olunan konfransdakı çıxışında deyib.

“Afrika İttifaqı hazırda G20-nin tamhüquqlu üzvüdür. Afrika həmçinin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasında iki daimi yer uğrunda mübarizə aparır və Azərbaycan bunu tam dəstəkləyir.

Azərbaycan üçün Afrika uzaq qitə deyil. O, tərəfdaşların, dostların və ortaq arzuların qitəsidir. Münasibətlərimiz qarşılıqlı hörmət, həmrəylik, ərazi bütövlüyü və suverenliyə dəstək prinsipləri üzərində qurulub. Bu fürsətdən istifadə edərək, işğal illərində və sonrakı dövrdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə göstərdikləri davamlı dəstəyə görə bütün Afrika ölkələrinə təşəkkür edirəm".

XİN rəsmisi bildirib ki, son illərdə Azərbaycanın Afrika ilə əlaqələri əhəmiyyətli dərəcədə genişlənib. Siyasi dialoq intensivləşib, diplomatik təmaslar artıb və müxtəlif sahələrdə əməkdaşlıq yeni mərhələyə qədəm qoyub: "Ötən ildən bəri Afrika ölkələri ilə 12 siyasi məsləhətləşmə keçirilib. Azərbaycan Respublikasının çoxşaxəli nümayəndə heyəti tərəfindən beş hökumət missiyası həyata keçirilib. Bu gün Azərbaycan Mərkəzi Afrika Respublikası istisna olmaqla bütün Afrika ölkələri ilə diplomatik münasibətlərə malikdir və həmin ölkə ilə də bu ilin sentyabr ayında münasibətlərin qurulması planlaşdırılır”.

 

Bildirilib ki, son üç ildə Azərbaycan ilə Afrika arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarından 2025-ci ildə 580 milyon ABŞ dollarına yüksəlib. Bu ciddi artım iqtisadi tərəfdaşlığımızın böyük potensialını nümayiş etdirir.

Qeyd olunub ki, son üç ildə Azərbaycana ikitərəfli səfərlər və müxtəlif tədbirlər çərçivəsində gələn Afrika liderlərinin sayı əhəmiyyətli dərəcədə artıb: "Bu siyahıya Somali, Keniya, Misir, Ruanda, Anqola, Qana, Qvineya-Bisau, Mavritaniya, Zimbabve, Madaqaskar, Mavriki və digər ölkələrin prezidentləri və hökumət başçıları daxildir. Enerji və bərpa olunan enerji, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, nəqliyyat və logistika, mədən sənayesi, təhsil və peşə hazırlığı, rəqəmsallaşma, innovasiya və dövlət xidmətlərinin göstərilməsi kimi sahələrdə geniş əməkdaşlıq imkanları görürük. 2024-cü ildə Azərbaycan COP29 tədbirinə ev sahibliyi edib. Afrika ölkələrinin COP29-da fəal iştirakını yüksək qiymətləndiririk. Tədbirdə qəbul edilən yeni kollektiv maliyyə məqsədi mühüm addım oldu.

Lakin inkişaf etməkdə olan ölkələrin, o cümlədən Afrika dövlətlərinin iqlim maliyyəsinə çıxış imkanlarının yaxşılaşdırılması üçün hələ çox iş görülməlidir. Biz həmişə Afrikanın iqlim dəyişikliklərinin nəticələri ilə mübarizədə xüsusi şəraitini tanımış və bunu təşviq etmişik.

Humanitar əməkdaşlıq sahəsində də mühüm fəaliyyətlər həyata keçirmişik. Heydər Əliyev Fondu və Leyla Əliyeva bir sıra Afrika ölkələrində mühüm humanitar layihələr reallaşdırıblar.

Azərbaycanın Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi Afrikada müxtəlif istiqamətlərdə layihələr həyata keçirməyə davam edir".

Poliqon.info

Seçilən
26
3
poliqon.info

4Mənbələr