AZ

Prokurorluqdan 3 nəfərin öldüyü yanğınla bağlı açıqlama

ain.az, Axar.az portalına istinadən məlumat verir.

Ötən il noyabrın 21-də paytaxtın Yasamal rayonu ərazisində, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş, 3 nəfərin ölümü və 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğın faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Axar.az xəbər verir bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

İbtidai istintaqla yaşayış binasının 1-ci və zirzəmi mərtəbəsində yerləşən “Loft Dent” stomatoloji klinikasının direktoru, 1986-cı il təvəllüdlü Bəhruz Paşayevin üzərinə qoyulmuş yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifələrini pozaraq 3 nəfərin ölümünə, 25 nəfərin isə xəsarət almasına, habelə binada olan mənzillərə maddi ziyan vurmaqla ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Bəhruz Paşayevə Cinayət Məcəlləsinin 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən həmin qaydaların pozulması ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə yekun ittiham elan olunub.

Bəhruz Paşayevin barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, 2025-ci il noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Yanğın nəticəsində 1984-cü il təvəllüdlü Samir Kamal oğlu Məhəmmədov, 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qəmbərli və 1977-ci il təvəllüdlü Könül Vəlibəy qızı Hümbətova dünyasını dəyişib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
38
axar.az

10Mənbələr