AZ

Bakıda ev qiymətləri qalxır yatırım marağı rekord səviyyədə

Milli.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakıda daşınmaz əmlak bazarında qiymət artımı davam edir və ekspertlər hesab edirlər ki, mənzil artıq sadəcə yaşayış vasitəsi deyil, əsas yatırım alətlərindən birinə çevrilib.

Milli.Az-ın araşdırmasına görə, 2025-ci ilin ilk rübündə ölkədə mənzil qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə orta hesabla 14,4% bahalaşıb. İlkin bazarda artım 12,9%, təkrar bazarda isə 14,4% təşkil edib.

Son illərdə Bakıda mənzil bazarındakı artım ümumi inflyasiyanı da üstələyib. Mərkəzi Bankın hesabatına əsasən, 2020-ci ilin sonu ilə müqayisədə 2024-cü ildə mənzil qiymətləri orta hesabla 32,4% yüksəlib.

Daşınmaz əmlak platformalarının statistikası isə göstərir ki, 2025-ci ildə Bakıda orta mənzil qiyməti aybaay artıb. Belə ki, yanvar ayında paytaxt üzrə orta qiymət hər kvadratmetr üçün 2386 manat olduğu halda, noyabr ayında bu rəqəm 2647 manata yüksəlib.

Yeni tikililərdə qiymətlər daha sürətlə bahalaşıb. Statistikaya görə, yeni binalarda orta qiymət ilin əvvəlində 2463 manat olduğu halda, ilin sonunda 2756 manata çatıb. Köhnə tikililərdə isə qiymətlər 2237 manatdan 2457 manata qədər yüksəlib.

Bir çox vətəndaş pulu bankda saxlamaq əvəzinə ev almağa üstünlük verir. Daşınmaz əmlak uzunmüddətli və risksiz yatırım kimi qiymətləndirilir.

Kirayə bazarında müşahidə olunan bahalaşma da bu marağı artırır. Rieltorların sözlərinə görə, ötən il 450-500 manata kirayəyə verilən bəzi mənzillər hazırda 700 manatdan təklif olunur. Xüsusilə yeni tikililərdə və metro ətrafındakı ərazilərdə kirayə qiymətləri daha sürətlə artır.

İqtisadçılar bildirirlər ki, Bakıda torpaq ehtiyatının məhdud olması, regionlardan paytaxta köçün davam etməsi və alternativ investisiya alətlərinin zəif inkişafı daşınmaz əmlaka marağı daha da yüksəldir.

Lakin yatırım məqsədli alışların çoxalması real alıcılar üçün vəziyyəti çətinləşdirir. Mənzil qiymətlərinin sürətlə bahalaşması xüsusilə gənclərin ev sahibi olmasını çətinləşdirir və ipoteka yükünü artırır.

Mütəxəssislərin fikrincə, yaxın illərdə də Bakıda mənzil bazarında qiymət artımının davam etməsi ehtimal olunur. Bunun əsas səbəbi insanların daşınmaz əmlakı həm gəlir gətirən, həm də dəyərini qoruyan ən təhlükəsiz yatırım vasitələrindən biri hesab etməsidir.

Ayxan

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
3
news.milli.az

4Mənbələr