AZ

Uşaqla vaxt keçirmək nə üçün lazımdır?

“Uşaqla vaxt keçirmək sadəcə onu yedirtmək, geyindirmək və ya oyuncaqlar almaq deyil”.

Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, uşaq üçün ən böyük ehtiyaclardan biri valideynin diqqəti və sevgisidir:


“Çünki uşaq balaca vaxtından dünyanı valideyninin davranışına görə tanıyır. Əgər ana-ata onunla maraqlanırsa, danışırsa, oynayırsa, hisslərini dinləyirsə, uşaq özünü təhlükəsiz və dəyərli hiss edir. İçində belə bir fikir yaranır: “Mən önəmliyəm, məni sevən insanlar var”.

Lakin indi bir çox ailədə belə bir problem var: valideyn düşünür ki, “uşağıma hər şeyi alıram, yaxşı məktəbə qoyuram, deməli hər şey yaxşıdır.” Halbuki uşaq üçün bahalı oyuncaqdan da vacib bir şey var – vaxt”.

Ekspert qeyd edib ki, uşaq sizin onunla oturub danışmağınızı, oyun oynamağınızı və onu dinləməyinizi istəyir:
“Hətta bəzən 20 dəqiqə ürəklə keçirilən vaxt 3 saat telefona baxaraq yanında oturmaqdan daha dəyərlidir. Valideyn uşağı ilə az vaxt keçirəndə uşaq bunu fərqli cür başa düşür. O düşünmür ki, “anam işləyir deyə vaxtı yoxdur.” Uşaq bunu çox vaxt belə qəbul edir: “Görəsən mən önəmli deyiləm?” və bu hiss yavaş-yavaş uşağın psixologiyasına təsir etməyə başlayır”.

Psixoloqun sözlərinə görə, bəzi uşaqlar diqqət görməyəndə çox sözə baxmayan, aqressiv və əsəbi olurlar:
“Dava salır, qışqırır, dəcəl olurlar. Valideyn isə deyir: “Bu uşaq niyə belə oldu?” Amma əslində uşaq bəzən davranışı ilə demək istəyir: “Mənə baxın, mənimlə maraqlanın.” Yəni diqqəti pis hərəkətlə almağa çalışır. Bəzi uşaqlar isə tam əksinə olur. İçinə qapanır, az danışır, özünü ifadə edə bilmir, utancaq olur.

Özünü başqaları ilə müqayisə edir, özgüvəni zəif olur. İçində bir boşluq yaranır. Çünki uşaq sevgini və diqqəti tam hiss etməyəndə özünü bir az tək hiss edir. Valideynlə az vaxt keçirən uşaqların gələcəyində də bunun təsiri görünə bilir. Məsələn, böyüyəndə özünə inamsız ola bilirlər, insanlara tez bağlanırlar və ya heç kimə güvənə bilmirlər”.

Həmsöhbətimiz söyləyib ki, bəzi uşaqlar isə sevgidə çox qorxaq olurlar:
“Onlar əsasən valideynləri haqda “məni tərk edərlər” hissi yaşayırlar. Bəzən də sevgini yanlış insanlarda axtarırlar. Çünki uşaqlıqda içində qalan o boşluğu doldurmağa çalışırlar. Bir şey var ki, uşaqlar bizim dediyimiz sözləri çox vaxt unudur, amma onlara necə hiss etdirdiyimizi heç vaxt unutmurlar.

Uşaq böyüyəndə “anam mənə bahalı oyuncaq almışdı”nı yox, daha çox bunu xatırlayır: “Anam mənimlə oynayırdı”, “atam məni qucaqlayırdı”, “məni dinləyirdilər.” Bəzən valideynlər deyir ki, “işimiz çoxdur, vaxt yoxdur.” Əlbəttə, həyat asan deyil”.

Ülviyyə Ağazadə vurğulayıb ki, məsələ bütün günü uşaqla birlikdə keçirmək deyil:
“Gündə yarım saat belə səmimi vaxt keçirmək uşağın ruhuna çox yaxşı təsir edir. Birlikdə çay içə-içə söhbət etmək, oyun oynamaq, kitab oxumaq, gününün necə keçdiyini soruşmaq belə uşağa özünü dəyərli hiss etdirir.

Unutmayaq ki, uşağın gələcəkdə necə biri olmasının bir hissəsi evdə gördüyü sevgidən başlayır. Uşağın ən çox yadında qalan şey bahalı hədiyyələr yox, yanında özünü necə hiss etməsidir. Çünki uşaq üçün ən böyük sevgi “mənə vaxt ayırırlar” hissidir”.

Pərviz

Seçilən
24
hit.az

1Mənbələr