AZ

Yapon avtomobil nəhəngi bu məhsulların istehsalını dayandırdı RƏSMİ

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünyanın tanınmış avtomobil istehsalçılarından olan “Nissan” və onun tərəfdaşı “Jatco” elektrikli avtomobil istehsalı ilə bağlı mühüm qərar qəbul edib. Böyük Britaniyada inşa edilən yeni zavodda elektrikli nəqliyyat vasitələri üçün nəzərdə tutulan əsas hissələrin istehsalından imtina olunub.

Avtosfer.az xəbər verir ki, İngiltərənin Sunderland şəhərində qurulan və təxminən 50 milyon funt sterlinq dəyərində qiymətləndirilən zavod əvvəlcə “Nissan”ın elektrikli avtomobilləri üçün “üç-birdə” güc aqreqatlarının istehsalına hesablanmışdı. Layihə şirkətin qlobal “RE:Nissan” bərpa proqramının əsas hissələrindən biri sayılırdı.

Lakin son qiymətləndirmələrdən sonra şirkət rəhbərliyi elektrik mühərriklərinin istehsalını Böyük Britaniyada lokallaşdırmaq planından imtina edib. Bu qərar zavodun əvvəlcədən nəzərdə tutulan illik 340 min ədəd istehsal gücünün və layihənin texnoloji istiqamətinin dəyişməsi deməkdir.

Məlumata görə, müəssisədə hansı növ mühərrik və ya komponentlərin istehsal olunacağı ilə bağlı yeni araşdırma aparılır. Şirkət yaxın müddətdə işçi ixtisarının planlaşdırılmadığını açıqlasa da, bölgədə yaranan qeyri-müəyyənlik narahatlıq doğurub.

Qeyd olunur ki, layihə Böyük Britaniya hökuməti tərəfindən də dəstəklənib və zavoda 12 milyon funt sterlinq həcmində qrant ayrılıb. İlkin planlara əsasən burada 183 yeni iş yerinin yaradılması nəzərdə tutulsa da, indiyədək cəmi 20 nəfərin işlə təmin edildiyi bildirilir.

Mütəxəssislər hesab edirlər ki, bu qərar qlobal avtomobil sənayesində elektrik transformasiyası ilə bağlı strategiyaların yenidən nəzərdən keçirildiyini göstərir. Eyni zamanda, istehsal mərkəzlərinin yerləşməsi və investisiya siyasəti ilə bağlı rəqabətin daha da gücləndiyi vurğulanır.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
avtosfer.az

1Mənbələr