AZ

Mərhəmətin Ünvanı — Rəna İbrahimova » AzadMedia.az


İnsan ömrünün dəyəri yalnız yaşanan illərlə deyil, həmin illərdə görülən xeyirxah əməllərlə ölçülür. Elə insanlar var ki, onların həyatı başqalarına yardım etmək, kimsəsizlərin əlindən tutmaq, ehtiyacı olanlara dayaq olmaq üzərində qurulur. Belə insanlardan biri də mayın 29-da ömrünün müdrik və mənalı 60-cı baharını qarşılayan Rəna İbrahimovadır.
Rəna xanım çox gənc yaşlarından taleyini xeyriyyəçilik və humanizm missiyasına bağlayıb. Könüllü olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinə gələn bu fədakar xanım qısa müddətdə öz bacarığı, insanlara səmimi münasibəti, xüsusilə də sosial cəhətdən zəif insanlarla ünsiyyət qurmaq qabiliyyəti ilə diqqəti cəlb edib. Onun insanlara sevgisi, mərhəməti və məsuliyyəti rəhbərlik tərəfindən yüksək qiymətləndirilib və Rəna xanım cəmiyyətə işə qəbul olunub.
Əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nərimanov rayon bölməsində sədr müavini kimi başlayan Rəna xanımın zəhməti, təşkilatçılıq qabiliyyəti və insanlarla işləmək bacarığı onu daha yüksək pillələrə yüksəldib. 1999-cu ildə o, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nizami rayon bölməsinin sədri vəzifəsinə təyin olunub. Uzun illər bu vəzifədə çalışan Rəna xanım yüzlərlə insanın həyatına ümid, sevinc və təsəlli bəxş edib.
Onun fəaliyyəti təkcə bir idarəçinin işi olmayıb — bu, əsl insanlıq missiyası olub. Tənha, ahıl, xəstə, kimsəsiz insanların daim yanında olan Rəna xanım onların qayğılarını öz qayğısı bilib. Yardıma ehtiyacı olan insanların evlərinə gedib, onların problemləri ilə maraqlanıb, çətin günlərində mənəvi dayaq olub. Elə buna görə də neçə-neçə insanın duasında Rəna xanımın adı xüsusi ehtiramla çəkilir.
Xeyirxahlıq heç vaxt diqqətdən kənarda qalmır. Rəna xanımın uzun illər ərzində göstərdiyi səmərəli fəaliyyət dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, 10 mart 2010-cu ildə - Qızıl Aypara Cəmiyyətinin 90 illiyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanın nüfuzlu təltiflərindən biri olan “Tərəqqi” medalı ilə təltif edilib. Bu mükafat onun insanlara xidmət yolunda çəkdiyi zəhmətin və gördüyü nəcib işlərin layiqli dəyəridir.
Rəna xanım bundan başqa AzQAC-nin yubiley medalına, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin "Vətənpərvərlik işində xidmətlərinə görə" və "Vətən naminə" medallarına layiq görülüb. Rəna xanım eyni zamanda Nizami rayonunun ictimai-siyasi həyatında da fəal iştirak edir. Rayon sakinləri arasında qazandığı hörmət və nüfuz onun səmimiyyətindən, insanpərvərliyindən və təmiz qəlbindən qaynaqlanır. O, insanlarla münasibətdə sadəliyi və mehribanlığı ilə seçilir. Onun yanında olan hər kəs bu xanımın böyük ürəyini hiss edir. Elə bunun nəticəsidir ki, o, 2021-ci ildə Nizami Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri seçilib. Artıq 3-cü dəfədir ki, on etimad göstərilərək İctimai Şuraya sədr seçirlər.
2016-cı ildən etibarən Rəna İbrahimova Bakı Regional Mərkəzinin koordinatoru kimi fəaliyyət göstərir. Mərkəzə daxil olan rayon bölmələrinin işinin təşkilində onun zəngin təcrübəsindən geniş istifadə olunur. O, öz biliyini və həyat təcrübəsini gənc əməkdaşlarla bölüşür, humanizm ənənələrinin yaşamasına töhfə verir.
Rəna xanımın xeyirxahlığı həyatın hər məqamında özünü göstərir. O, sosial cəhətdən zəif ailələri daim diqqətdə saxlayır, yeni doğum etmiş anaları xəstəxanalarda ziyarət edir, onları gündəlik tələbat malları ilə təmin edir. Bu qayğı və diqqət bir çox ailələr üçün təkcə maddi yardım deyil, həm də mənəvi dayaq olur.

60 illik mənalı ömür yolu keçən Rəna İbrahimova bu gün də insanların qəlbində mərhəmət, xeyirxahlıq və səmimiyyət simvoludur. Onun həyat yolu insanlara xidmətin, təmənnasız yaxşılığın və böyük ürəyin nümunəsidir.
O, həm də sədaqətli insan, gözəl ana, mehriban nənədir.
Rəna xanımı yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və xeyirxah fəaliyyətində yeni uğurlar arzulayırıq. Qoy etdiyi yaxşılıqlar hər zaman özünə sevgi, hörmət və dualar şəklində qayıtsın.
Şəmsiyyə Musaqızı,
Əməkdar jurnalist

Seçilən
0
2
azadmedia.az

3Mənbələr