AZ

Bu gün Azərbaycanın qarşısında yeni hədəflər dayanır- ÖZƏL

"Bu gün Azərbaycan gəncliyi beynəlxalq arenalarda ölkəsini təmsil edirsə, elm, idman, texnologiya və siyasətdə uğurlar qazanırsa, bunun təməlində vaxtilə qoyulmuş dövlətçilik düşüncəsi dayanır. Bu siyasi xətt bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da gücləndi, iqtisadi və siyasi baxımdan regionun lider dövlətinə çevrildi. Ordunun gücləndirilməsi, müasir texnologiyaların tətbiqi, beynəlxalq münasibətlərdə balanslı siyasət Azərbaycanın mövqeyini daha da möhkəmləndirdi". "Olaylar" xəbər verir ki,  bunu YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov deyib: " 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə isə Azərbaycanın müstəqillik tarixində yeni mərhələ açdı. Uzun illər işğal altında qalan torpaqlarımız azad edildi və xalq bir daha sübut etdi ki, bu dövlət artıq əvvəlki zəif Azərbaycan deyil. Bu qələbənin arxasında yalnız güclü ordu yox, illərlə qurulan dövlətçilik siyasəti dayanırdı. Bu, sadəcə torpaqların geri qaytarılması deyildi. Bu, 1918-ci ildə yarımçıq qalan, 1920-ci ildə süqut edən, 1991-ci ildə yaralı şəkildə yenidən doğulan Azərbaycan müstəqilliyinin tam və qəti formalaşma aktı idi. Xankəndidə, Şuşada, Xocalıda dalğalanan üçrəngli bayraq, müstəqilliyimizin üzərindən bütün xarici basqıların, "status" ssenarilərinin və separatizm kabusunun biryolluq silinib atılması mənasına gəlirdi. Heydər Əliyevin xaricə oxumağa göndərdiyi, milli ruhda böyütdüyü o gəncliyin davamçıları 2000-ci illərin nəsli Şuşa qayalarına yalın əllərlə dırmaşaraq müstəqilliyin ən böyük rəmzinə çevrildilər. Onlar sübut etdilər ki, gənclik bu dövlətin sahibi olduğunu canı və qanı ilə təsdiqləməyə hazırdır.

Bu gün Azərbaycan gənci artıq başqa düşüncə ilə böyüyür. O bilir ki, müstəqillik sadəcə bayraq və himn deyil. Müstəqillik azad düşüncə, güclü dövlət, milli birlik və gələcəyə inamdır. 28 May bizə yalnız keçmişi xatırlatmır. Bu tarix bizə sual verir Bizə əmanət edilən bu müstəqilliyi gələcək nəsillərə necə ötürəcəyik? Çünki müstəqillik bir dəfə qazanılıb əbədi qorunan anlayış deyil. Tarix göstərir ki, zəif dövlətlərin müstəqilliyi uzunömürlü olmur. Güclü dövlət isə yalnız iqtisadiyyatla deyil, milli birlik, savadlı gənclik və vətən sevgisi ilə qurulur.

Bu gün Azərbaycanın qarşısında yeni hədəflər dayanır. Azad edilmiş torpaqların bərpası, daha güclü iqtisadiyyatın qurulması, dünyanın inkişaf etmiş dövlətləri sırasında yer almaq kimi böyük məqsədlər var. Bu yolda əsas məsuliyyət isə yenə gənclərin üzərinə düşür. Çünki sabahın Azərbaycanını quracaq olanlar bugünün gəncləridir. 28 Mayın əsl mənası da məhz budur Müstəqillik sadəcə keçmişdən qalan miras deyil. O, hər nəsilin qoruyacağı ən böyük əmanətdir. Çünki müstəqillik sadəcə sərhəd deyil. Müstəqillik düşünə bilməkdir. Öz dilində danışmaqdır. Öz bayrağını qorumaqdır. Və ən əsası, gələcəyini başqasının deyil, özünün müəyyən etməsidir. Bu gün bizim üzərimizə düşən vəzifə isə həmin müstəqilliyi yalnız qeyd etmək deyil, onu anlayaraq qorumaqdır. Çünki tarix göstərdi ki, Müstəqilliyi qazanmaq çətindir. Onu qorumaq isə daha çətindir. O, hər gün yenidən qazanılmalı, hər gün daha çox işləməklə, elmə yiyələnməklə, güclü iqtisadiyyat və sarsılmaz ordu qurmaqla qorunmalı olan ən ağır, həm də ən müqəddəs məsuliyyətdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
21
olaylar.az

1Mənbələr